BSU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, bu tarixi gün münasibəti ilə təbrik edib. O, XX əsrin 80-ci illərinin sonu-90-cı illərin əvvəlində baş verən ictimai-siyasi proseslərə tarixi ekskurs edib. Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində müstəqilliyin bərpasından sonra yeni iqtisadi münasibətlər sisteminə keçid, xarici siyasətin qurulması, qanunvericilik bazasının formalaşması, ərazi bütövlüyü məsələlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm məsələlərin həllinə nail olunduğunu diqqətə çatdırıb.  O, Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı xarici siyasətin ən uğurlu böyük qələbələrindən birinin torpaqlarımızın işğal edilməsinin beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdırılması olduğunu qeyd edib.

Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərindən xalqa müraciətini xatırladaraq, bu çıxışın tarixi əhəmiyyətindən söz açıb. Azərbaycanın suverenliyinin tam bərpası ilə qalib kimliyi olan xalq kimi yeni bir eraya qədəm qoyduğunu deyən rektor bu tarixi günlərə şahidlik etmək imkanı yaradan Müzəffər Ali Baş Komandana və qüdrətli ordumuza daim minnətdar olacağımızı bildirib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Mahirə Əzizova “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”  Konstitusiya Aktı Azərbaycan  xaricin  siyasətinin formalaşmasında hüquqi baza kimi”, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasınınn baş müəllimi Asif Quliyev  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”  Konstitusiya Aktı Azərbaycanda müstəqil dövlət quruculuğunun hüquqi-siyasi bazası kimi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının baş müəllimi Nigar Abbaszadə “Azərbaycanın dövlət müstəqilliyinin bərpasından Böyük Zəfərə gedən yol” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda Konstitusiya Aktının xarici siyasətin formalaşmasında hüquqi-baza kimi tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində şanlı zəfəri təmin edən əsas amillərdən bəhs olunub.