BSU-da “IB müəllimi necə olmalıdır? ” adlı təlim keçirilib

Oktyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasının (CCAAIBWS) sədri, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini “IB mission, IB learning & assessment” (“Beynəlxalq bakalavriat: Missiya təlim və qiymətləndirmə”) mövzusunda təlim keçib. Qeyd: “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi universitetin keyfiyyətli təhsil təmin etmək və qlobal çağırışlara hazır olan yeni nəsil məktəb müəllimləri hazırlamaq hədəfini əks etdirir. Layihənin əsas məqsədi – ölkəmizdə beynəlxalq təlim proqramları üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (IB, A-Level, IPC və s.) çalışmaq üçün kadr hazırlığına dəstək verməkdən ibarətdir.

Rektor Anar Nağıyev salamlama nitqi ilə çıxış edərək, tədbir iştirakçılarına ölkəmizdə beynəlxalq təlim proqramları (IB, A-level, IPC və s.) üzrə fəaliyyət göstərən məktəblərdə çalışmaq üçün kadr hazırlığına yönəlmiş layihənin aktuallığından danışıb. Rektor  layihəyə beynəlxalq təhsil proqramları sahəsində ən qabaqcıl təcrübəyə malik olan yerli və xarici ekspertlərin cəlb olunacağını da bildirib.

BSU-nun  250-yə yaxın III və IV il tələbəsinin və magistrantın iştirakı ilə baş tutan təlimdə F. Bankini IB proqramının dünya məktəblərində tətbiqi, məqsədi və metodiki xüsusiyyətləri haqqında məlumat verib. Həmçinin, F. Bankini IB proqramı üzrə tələbələrin təlim və təcrübə keçməsi üçün BSU ilə əməkdaşlığı genişləndirməyi vacib hesab etdiyini bildirib.

Təlimdə fəal iştirak edən tələbələr məktəblərdə müasir təlim prosesinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildiriblər.