Rektor Anar Nağıyev: “BSU-nun tədqiqatlarının beynəlxalq elmimetrik bazalara çıxarılması əsas məqsədlərimizdəndir”

Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev  Polşanın Marşalek Nəşriyyat Qrupunun idarə heyətinin sədri Adam Marşaleki qəbul edib.

Qonağı salamlayan rektor Anar Nağıyev universitetin Polşa Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyətinə toxunub. BSU-da polyak dilinin tədrisindən danışan rektor BSU tədqiqatlarına, müəllim və tələbələrə davamlı dəstəyinə görə Adam Marşalekə minnətdarlığını bildirib. Anar Nağıyev Bakı Slavyan Universiteti tərəfindən bu ilin may ayının 4-5-də “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransdakı çıxışını xatırladaraq,  Adam Marşalekə bir daha təşəkkürünü ifadə edib və bu beynəlxalq elmi konfransa təqdim edilmiş 10 məqalənin Marşalek Nəşriyyat Qrupunun nəşr edəcəyini deyib. BSU tədqiqatlarının beynəlxalq elmimetrik bazalara çıxmasının təmin olunmasına verəcəyi dəstəyə görə Adam Marşalekə təşəkkür edib. Rektor qeyd edib ki, BSU-nun tədqiqatlarının beynəlxalq elmimetrik bazalara çıxarılması əsas məqsədlərimizdəndir.

Marşalek Nəşriyyat Qrupunun idarə heyətinin sədri Adam Marşalek BSU-da olmaqdan məmnunluğunu bildirib. O, bu dəfəki gəlişinin məqsədinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.

Görüşdə Azərbaycan və polyak tədqiqatçılarının birgə beynəlxalq layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Adam Marşalek səfər çərçivəsində BSU-da oktyabrın 13-də keçiriləcək “Müəllim hazırlığının təlim və tədris məsələlərinə həsr olunmuş”  Beynəlxalq elmi-praktik konfransda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM), Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), Azərbaycan Dillər Universitetində (ADU ), həmçinin digər bir sıra görüşlərdə iştirak edəcək.