BSU-da DAAD-ın yay dil kursu proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib

 

Oktyabrın 12-də Bakı Slavyan Universitetində(BSU) DAAD-ın( Alman Akademik Mübadilə Xidməti) yay dil kursu proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

BSU-nun Məktəb-Lisey Kompleksinin(MLK) Akt zalında təşkil edilmiş görüşdə beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova, Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının və Germanistika İnstitutunun müdiri Sevinc Rzayeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Leyla Musayeva, DAAD-ın Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və proqram məsləhətçisi Sevər Qarayeva, həmçinin Xarici dil müəllimliyi və Humanitar və sosial elmlər fakültələrinin tələbələri iştirak ediblər.

Germanistika İnstitutunun müdiri Sevinc Rzayeva tədbirin keçirilməsinin əsas məqsədinin tələbələrə Almaniyada mövcud olan təqaüd proqramları barədə məlumatın verilməsi olduğunu diqqətə çatdırıb.

DAAD-ın Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və proqram məsləhətçisi Sevər Qarayeva Almaniyadakı təqaüd proqramları haqqında təqdimatla çıxış ediblər.Təqdimatda yay dil kursu, təqaüd proqramının müddəti, müsahibədə iştirak etmək üçün əsas şərtlər, lazım olan sənədlər, müəyyən edilmiş yaş həddi, maliyyə dəstəyi və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Prorektor Aytən Bayramova BSU-nun rektoru Anar Nağıyevin və görüş iştirakçılarının təşəkkürünü Gebhard Reula və Sevər Qarayevaya çatdırıb. O, tələbələrə təqaüd proqramlarında iştirak etməyi tövsiyə edib.

Tələbələrin fəallığı şəraitində keçən görüşdə onları maraqlandıran suallar ətraflı cavablandırılıb.