BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin on illiyi Sofiyada elmi konfransla qeyd olunub

Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının on illik yubileyi ilə əlaqədar sözügedən universitetdə “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı elmi konfrans təşkil edilib. Tədbir Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsi, Türkologiya və altayşünaslıq kafedrası və BSU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska açaraq iştirakçılara mərkəzin yaradılmasının tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb. O, mərkəzdə 2013-cü ildən etibarən “Azərbaycan dili”, 2015-ci ildən etibarən “Azərbaycanda multikulturalizm”, 2023-cü ildən “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan dilində bədii mətnlər” seçmə fənləri üzrə dərslərin tədris edildiyini deyib.

Tədbirdə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, prof. Anastas Gercikovun təbriki və BSU-nun rektoru Anar Nağıyevin təbriki çatdırılıb. BSU-nun Elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndan BSU-nun tarixindən danışaraq, Universitetdə Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O, BSU-nun xaricdə fəaliyyət göstərən digər Azərbaycan Dili Mərkəzləri barədə məlumat verərək, xüsusu ilə Bolqarıstandakı Mərkəzin fəaliyyətini qeyd edib. Nailə Xəndan Sofiya Universitetinin rəhbərliyinə Mərkəzin uğurlu inkişaf etməsində böyük dəstək göstərdiyinə görə təşəkkür edib. Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin on illiyinin Azərbaycan və bolqar alimlərini bir araya gətirən elmi konfransın keçirilməsi ilə qeyd edilməsini alqışlayaraq, Mərkəzə daha böyük uğurlar əldə etməyi arzulayıb.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov hər iki universitetinin rəhbərliyini bu əhəmiyyətli yubiley ilə təbrik edib və etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar arasında əlaqələrın dil vasitəsilə yarandığını, dil və mədəniyyətin iki dost xalqın arasında möhkəm körpü olduğunu vurğulayıb. O, deyib ki, Azərbaycan Mərkəzinin Bolqarıstanın ən böyük ali məktəbində açılmasının vacib məqsədlərindən biri kimi dil və mədəniyyət sahəsində Azərbaycan-Bolqarıstan münasibətlərinin dərinləşdirilməsi olub.

Klassik və yeni filologiyalar fakültəsinin dekanı, professor Madlen Danova təbrikində fakültədə öyrənilən dillərin rəngarəngliyini qeyd edərək onların ən böyük sərvət olduğunu vurğulayıb. Professor M.Danova Bolqarıstan və Azərbaycanın Avropa və Asiya sivilizasiyalarının qovşağında dayanan ölkələr olduğunu diqqətə çatdırıb.

Türkologiya və altayşünaslıq kafedrasının müdiri, professor İrina Sarıivanova Sofiya Universitetində bu il “Türkologiya” ixtisasının yaranmasının 71 illiyini qeyd etdiyini, bu dilin uzun müddət tədris olunduğunu xatırladıb. Kafedra müdiri mərkəzin işindən və təşkil olunan tədbirlərdə tələbələrin fəal iştirakından danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, dos. Sevinc Əliyeva, Bakı Slavyan Universitetinin  Azərbaycan dili və onun tədrisi metodikası  kafedrasının müdiri əvəzi, dos. Şəhla Əhmədova, Sofiya Universitetinin Xarici dil öyrənmə metodikası kafedrasının müdiri, prof. Milena Yordanova, BSU-da bolqar dilini tədris edən dos. Biserka Velevanın təbrikləri səsləndirilib.