BSU-da “Heydər Əliyev İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycan tərcüməşünaslığı" adlı dəyirmi masa təşkil olunub

Oktyabrın 2-də Bakı Slavyan Univerisitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 30 sentyabr Beynəlxlaq Tərcüməçilər Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tərcüməşünaslığı" adlı dəyirmi masa təşkil olunub.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhid qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Tədrsi işləri üzrə prorektoru Ənvər Abbasov tərcümə sənətinin bir zərurət kimi meydana çıxdığını qeyd edərək, tərcüməçiliyin məsuliyyətli bir peşə olduğunu vurğulayıb. Prorektor Azərbaycanda tərcümənin əsasını müəyyənləşdirən tərcüməşünaslıq elminin tarixindən bəhs edərək, BSU-da çox böyük tərcümə məktəbinin formalaşdığını diqqətə çatdırıb. O, universitetdə aparılan elmi tədqiqatların gələcəkdə də tərcüməşünaslıq sahəsində aparılan  elmi araşdırmalara töhfə verəcəyinə əminliyini ifadə edib.

Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev "Heydər Əliyev və Azərbaycan tərcüməşünaslığı", Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının dosenti Hüsniyyə Əliyeva “Tərcüməçi kadrların hazırlanması prosesində ixtisas dilinin tədrisi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Ulu öndər Heydər Əliyevin  digər sahələrdə olduğu kimi tərcüməşünaslıq elminə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Ümummilli lider Heydər Əliyevin 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayında tərcüməçiliklə bağlı irəli sürdüyü parlaq fikir və ideyalardan bəhs olunub. Həmçinin, universitetdə fəaliyyət göstərən Tərcümə fakültəsi haqqında məlumat verilib. İxtisas fənlərinin tədrisi metodikasına nəzər salınıb.

Sonra BSU-nun Elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndan, Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kaefdrasının müdiri Naidə Məmmədxanova, Tərcümə və leksikologiya ETL-in müdiri Flora Naci, Filologiya fakültəsinin dekanı Sevinc Abışova, Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri Fatimə Vəliyeva çıxış ediblər. Çıxışlarda poeziya tərcüməsi, dini mətnlərin tərcüməsi, birbaşa tərcümə, texnoloji və pedaqoji sahədə olan yeniliklərin tərcüməsi, tərcüməçilik fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, BSU-da tərcüməçilik məktəbinin inkişaf etdirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Dəyirmi masa müzakirələrlə davam edib.