BSU-da şəhid məzun Kənan Rüstəmliyə həsr olunmuş filmin nümayişi olub

Sentyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, universitetin Tərcümə fakültəsində təhsil almış, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Rüstəmlinin xatirəsinə həsr olunan sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev ötən gün  universitetdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq qeyd edilən 27 sentyabr – Anım gününə həsr olunmuş tədbirin keçirildiyini xatırladıb. Bu günkü qürurlu Azərbaycanın formalaşmasının Ulu Öndər Heydər ƏIiyevin həyata keçirdiyi davamlı siyasətin və Prezident İlham Əliyevin yürütdüyü yüksək səviyyəli siyasətinin nəticəsi olduğunu bildirib. Anar Nağıyev vurğulayıb ki, bu gün Azərbaycan təkcə Qafqazda deyil, regionda geniş söz sahibi, aparıcı dövlətlərdən biridir. Rektor bildirib ki, məhz 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin qazandığı şanlı zəfərlə Azərbaycanın şərəfli tarixində yeni bir dövr başladı. Vətən müharibəsi dövründə hər bir vətəndaşın müəyyən missiyaları olduğunu deyən Anar Nağıyev üç minə yaxın azərbaycanlı gəncinin üzərinə düşən missiyanın- torpaqlarımızın işğaldan azad edilməsinin ən ali missiya olduğunu qeyd edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüzlərlə azərbaycanlı gəncin qəhrəmanlığı nəticəsində qələbimiz təmin edilib. Rektor BSU-nun şəhid məzunları ilə bağlı filmlərin hazırlandığını qeyd edərək, şəhidlərin davamlı olaraq xatırlanmasının vacibliyindən danışıb.  Anar Nağıyev ötən tədris ilində univerisitetin şəhid məzunu Nicat Şükürlünün xatirəsinə həsr olunan “Nicat yolu” adlı sənədli filmin nümayiş etdirildiyini xatırladıb. Rektor bu layihənin davamlı olaraq həyata keçirildiyini bildirib.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tədbirə dəvətə görə BSU rəhbərliyinə təşəkkür edib. O, erməni terroristlərinin işğalçı siyasətindən bəhs edib, 1990-cı illərin əvvəlində baş verən ictimai-siyasi proseslərə nəzər salıb. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırldığını qeyd edib. Asif Əsgərov Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin başçılığı əldə olunan möhtəşəm zəfərdən söz açıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni bir era olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın iqtisadi-siyasi inkişafı üçün yeni siyasi addımların atıldığını qeyd edib. O, Prezident İlham Əliyevin məhz bu uzaqgörən siyasəti davam etdirərək, ölkənin inkişafında yeni komponentlər yaratdığını vurğulayıb. Bəhruz Məmmədov BSU rəhbərliyinə şəhid ailələrinə göstərdiyi xüsusi yanaşmaya görə təşəkkür edib.

“İki sahil” qəzetinin baş redaktoru, BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə tədbirin əhəmiyyətindən danışıb. O, şəhid və qazilərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan tarixində əbədi yaşayacaq qəhrəmanlıq salnaməsi yazdıqlarını deyib. Vüqar Rəhimzadə şəhid valideynlərinin qəhrəman olduğunu qeyd edərək, Vətənə layiqli övlad yetişdirdikləri üçün onlara təşəkkür edib.

Sonra sənədli filmin nümayişi başlayıb. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salıb, xatirələrini bölüşüblər.

Filmin nümayişindən sonra çıxış edən BSU-nun Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev filmlə bağlı təəssüratlarını bölüşüb. Kənan Rüstəmlinin timsalında şəhidlərin hər birinin xalqın fəxr və qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirin sonunda çıxış edən Kənan Rüstəmlinin valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar.