BSU-da 27 sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 27-də Bakı Slavyan Universitetində 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bu günün xalqımızın tarixində çox vacib bir gün olduğunu bildirib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla yad edildiyini deyib. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Gününün təsis edilməsi haqqında 2 dekabr 2020-ci il tarixli Sərəncamını diqqətə çatdırıb. O, qeyd edib ki, bu Sərəncam İlham Əliyevin müasir Azərbaycanın yeni tarixinin şərəfli dönəmində həmvətənlərinə olan dərin ehtiramının göstəricisidir. A. Nağıyev son 30 ildə ermənilərin Azərbaycana təcavüzü nəticəsində baş verən soyqırımları, o cümlədən Xocalı soyqırımını xatırladaraq Azərbaycan ərazilərinin işğalının beynəlxalq hüququn pozulması ilə müşahidə edildiyini deyib. O, bildirib ki, ordumuzun həyata keçirdiyi əks- hücumlar tarixi ədalətin bərpası, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yanaşı, beynəlxalq hüququn bərpasına böyük töhfə idi. Anar Nağıyev bu tarixi günü Prezidentin xalqa müraciətində bildirdiyi kimi, suverenliyin bərpası şəratində qeyd edildiyini diqqətə çatdırıb. Rektor bu tarixi qələbəyə görə şəhidlərimizə, qazilərimizə, həmçinin arxa cəbhədə çalışanlara borclu olduğumuzu deyib. BSU-nun professor-müəllim heyəti, tələbələrinin də arxa cəbhədə öz töhfələrini verdiyini vurğulayıb. A. Nağıyev Vətənin bütövlüyü uğrunda şəhid olan gənclərin, həmçinin BSU-nun şəhid məzunlarının Azərbaycan gəncliyi üçün həm qürur yeri, həm də nümunə olduğunu bildirib. Məhz şəhidlərimizin qəhrəmanlığı, igidliyi sayəsində bir xalq olaraq başımızı dik tutduğumzu deyib. Rektor bu şanlı zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev və bu siyasətin düzgün şəkildə həyata keçirilməsinə zəmin yaratmış Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, Ümummilli liderin uzaqgörən siyasətinə, beynəlxalq nüfuzumuzun təminatçısı olan Prezident İlham Əliyevə minnətdarıq. A. Nağıyev deyib ki, bu günlərdə biz 1990-cı, 2000-ci illərdəki kimi məcburi köçkünlərimizin inteqrasiyasından deyil, işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasından danışırıq. Bu kontekstdə, yalnız Azərbaycan üçün deyil, Qafqaz regionu üçün yeni dövr yaranıb. "Cənubi Qafqazın gələcəyi Azərbaycanın liderliyi altında parlaqdır”- deyə Anar Nağıyev bildirib. 

Rektor bu tarixin davamlı olaraq öyrənilməsində gənclərin üzərinə böyük məsuliyyətin düşdüyündən söz açıb. BSU-nun tələbələrinin gələcəkdə özlərini peşəkar mütəxəssis kimi ölkəmizin daha sürətli inkişafı fonunda formalaşdıracaqlarına əminliyini ifadə edib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov, Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov çıxış ediblər. Çıxışlarda tarixə ekskurs edərək, XX əsrin əvvəllərindən bəri ermənilərin Azərbaycana qarşı yürütdükləri işğalçı siyasətdən danışılıb. 44 günlük Vətən müharibəsində qələbəni təmin edən faktorlardan söz açılıb. Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğu bildirilib.