BSU-nun Məktəb-Lisey Kompleksində Bilik Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 15-də Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksində ( MLK) Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, BSU-nun, Nəsimi Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU MLK-nın direktoru İlahə Carçıyeva tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb. Təhsil sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı islahatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox uğurla davam etdirdiyini bildirən direktor İlahə Carçıyeva bu islahatların bilikli, istedadlı gənc nəslin yetişməsində və ölkəmizin sürətli inkişafında mühüm rol oynadığını vurğulayıb. Bu il məktəbin 93 nəfər məzununun respublikamızın, eləcə də xarici ölkələrin tanınmış, nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunduğunu qeyd edən direktor bu yüksək göstəriciyə görə bütün kollektivin böyük qürur duyduğunu diqqətə çatdırıb.

Elm və innovasiyalar üzrə prorektor Nailə Xəndan BSU-nun rektoru Anar Nağıyevin Bilik Günü münasibətilə təbrikini tədbir iştirakçılarına çatdırıb və məktəbin kollektivinə yeni-yeni nailiyyətlər arzulayıb.

Məktəbin bu il birinci sinfinə qəbul olunmuş şagirdlər çıxış edərək, öz sevinc hisslərini bölüşüblər.

Tədbir "İlk zəng" in səsləndirilməsi ilə başa çatıb.