BSU-da Bilik Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) 15 sentyabr - Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu il BSU-ya qəbul olan tələbələri slavyanşünaslıq üzrə regionun birinci universitetində salamladığını bildirib. Bu il 1311 nəfər gəncin BSU ailəsinə qoşulduğunu bildirən rektor tələbələrə həyatın yeni mərhələlərində uğurlar arzulayıb. Bu tədris ilində ilk dəfə BSU-ya 1000-dən çox tələbə qəbul olunduğunu diqqətə çatdıran rektor deyib ki, bu ilki nəticə universitetin tarixində ən yüksək göstərici olmaqla, ötən ilki nəticələrdən 20% çoxdur. O, bu il həmçinin üç yeni ixtisas və bir ixtisaslaşma üzrə ilk dəfə qəbul aparıldığını deyib. Bununla yanaşı, Anar Nağıyev 130 şagirdin BSU-nun Məktəb-Lisey Kompleksinə birinci sinfə qəbul olunduğunu bildirərək, liseyin bütün kollektivinə və müəllim heyətinə uğurlar arzulayıb.

BSU-nun tarixinə nəzər salan rektor bu ali təhsil müəssisəsinin Ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə 2000-ci ildə yeni profildə və statusda yaradıldığını diqqətə çatdırıb. Müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların hazırlanmasının həyata keçirildiyini vurğulayan Anar Nağıyev 2023-cü ilin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli" elan edildiyini və məhz bu ildə yeni tədris ilinə başlamanın əlamətdar olduğunu qeyd edib. Rektor bildirib ki, "Heydər Əliyev ili"ndə BSU da öz töhfəsini verməkdədir.

Anar Nağıyev universitetin fəaliyyətindən söz açaraq, burada Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan, Ukrayna və digər ölkələrin tədris və mədəniyyət mərkəzlərinin olduğunu bildirib. Universitetin beynəlxalq əlaqlərindən danışaraq, 80 ölkə ilə əməkdaşlıq etdiyini bildirib. Qazaxıstan, Çin, Türkiyə, Ukrayna və digər ölkələrdən əcnəbi tələbələrin təhsil aldığını qeyd edib. Çex, polyak, fransız, yunan, ukrayna və sair dillərin tədris olunduğunu deyib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən danışan rektor bu gün artıq işğaldan azad olunmuş Füzuli və Ağalıda ilk dərs gününün olduğunu vurğulayıb. O, bildirib ki, Vətən müharibəsində canından keçmiş şəhidlərimizin sırasında BSU-nun məzunları da var. Rektor bütün şəhidlərimizin ruhunun hər zaman hörmətlə anıldığını deyib. Anar Nağıyev 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yaratdığını və yenidən qurulan Qarabağda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edib.

 Rektor BSU-nun 2023-2030-cu illər üzrə hazırlanmış fəaliyyət strategiyasının qarşıya yeni məqsədlər qoyduğunu deyib. O, tələbələrin gələcəkdə peşəkar, yüksəkixtisaslı kadrlar kimi yetişməsi üçün universitetdə müvafiq istiqamətdə işlər görüldüyünü deyib. Tələbələrə seçdikləri peşənin sirrlərinə, innovasiya, rəqəmsal savadlılığa yiyələnməyin vacibliyini deyərək, universitetin karyera mərkəzinin bu yolda onlara yardımçı olacağını qeyd edib. Rektor yeni tədris ilində tələbələrə və onların valideynlərinə bir daha təbriklərini çatdırıb.

BSU-nun Təhsil fakültəsinin Psixologiya ixtisasına qəbul olan, 25 may 2006-cı ildə Füzuli istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş-leytenant Məmmədov Xaliq Ramiz oğlunun övladı Aysel Məmmədova çıxış edərək, bu ixtisası seçməkdə məqsədinin atasını itirən övladlara psixoloji dəstək göstərmək olduğunu deyib. BSU tələbəsi olmasından sevinc hissi keçirdiyini bildirib.

BSU-nun I kurs Humanitar və sosial elmlər fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olunmuş tələbə Sahib Mikayılovun valideyni İlkanə Qənbərova valideynlər adından universitet rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edib, tələbələrə uğurlar arzulayıb.

Magistratura şöbəsinin Radiotelejurnalistika ixtisasına qəbul olunmuş I kurs magistrantı Züleyxa Ağaməliyeva magistratura pilləsində BSU-nu seçməklə  beynəlxalq səviyyədə mütəxəssis kimi yetişəcəyinə və özünü inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Sonra tədbirdə rektor Anar Nağıyev BSU-nun Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına qəbul olaraq yüksək göstərici ilə fərqləndiyi üçün Selcan Aslanzadəyə,  şəhid baş-leytenant Xaliq Məmmədovun övladı Aysel Məmmədovaya, 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş Ruslan Yunislinin qardaşı Yalçın Ələkbərzadəyə tələbə biletlərini və hədiyyə təqdim edib.

Tədbir BSU-nun tələbələrinin ifasında bədii hissə ilə başa çatıb.