Rektor Anar Nağıyev : " BSU bu tədris ilinə də yeni ixtisaslarla başlayır"

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilinin başlanmasına hazırlıqla bağlı keçirilən iclasda bildirib ki, yeni tədris ilinə yeni yanaşmalarla daxil oluruq, 2023-2030-cu illər üzrə fəaliyyət planımız hazırdır.

BSU-nun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən rektor müqavilə əsasında və mübadilə proqramları üzrə əcnəbi tələbələrin qəbul olunduğunu deyib. O, bu tədris ilində Polşadan Barbara Maria Piontekin BSU-da "Polyak dili" fənnini tədris edəcəyini diqqətə çatdırıb. Belə ki, Barbara Maria Piontek 2023/2024-cü tədris ilindən Polşa Respublikasının Akademik Mübadilə üzrə Milli Agentliyinin (NAWA) xətti ilə BSU-da “Polyak dili” ixtisası üzrə təhsil alan tələbələrə bu dili tədris edəcək. Həmçinin, oktyabr ayında Polşanın Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalekin BSU-ya səfər edəcəyi, bu səfər çərçivəsində təlimlər keçəcəyini də vurğulayıb.

Anar Nağıyev deyib ki, BSU bu tədris ilinə də yeni ixtisaslarla başlayır. 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisasa, magistratura səviyyəsində isə bir yeni ixtisasa qəbul həyata keçirilib.
Fakültələrdə yeni tədris ilinə hazırlıqla bağlı danışan rektor yeni tədris proqramlarına əsasən tədrisin təşkilinə hazırlığın yekunlaşdırıldığını vurğulayıb. O, BSU-nun maddi-texniki bazasının genişləndirildiyini, auditoriya sayının artırıldığını və təmir olunduğunu qeyd edib.

 

 Şəkilin açıqlaması yoxdur.