Milli Məclisin sədri Sahibə Qafarova BSU-nun Sofiya Universitetindəki Azərbaycan dili və mədəniyyəti Mərkəzində olub

Bolqarıstan Xalq Məclisinin spikeri Rosen Jelyazkovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri, professor Sahibə Qafarova səfər çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzində olub. Tələbələr Azərbaycan və bolqar milli geyimlərində S. Qafarovanı bolqar adət-ənənəsinə uyğun olaraq bal, duz və çörəklə qarşılayıb.

Sofiya Universitetinin prorektoru, professor Mariya Stoyçeva, Klassik və yeni filologiya fakültəsinin dekanı, professor Madlen Danova, Şərq dilləri və mədəniyyətləri mərkəzinin direktoru professor İvo Panov, “Türkologiya və altayşünaslıq” kafedrasının müdiri prof. İrina Sarivanova, Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru xanım Sofiya Şıqaeva-Mitreska, tələbələr və qonaqların iştirakı ilə Mərkəzdə spiker S.Qafarova ilə görüş keçirilib. Prof. Mariya Stoyçeva və Madlen Danova S.Qafarovanı salamlayaraq, iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu bildiriblər.

Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru xanım Sofiya Şıqaeva-Mitreska Mərkəzin fəaliyyəti, tədris planları və tələbələrlə aparılan işlər barədə qısa məlumat verib. Bildirib ki, bu ilin aprel ayında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Bolqarıstanda səfərdə olarkən Universitetdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş guşənin rəsmi açılışında iştirak edib. Mərkəzin direktoru xanım S. Qafarovaya fəaliyyətlərini əks etdirən kitablar hədiyyə edib.

Professor Sahibə Qafarova Mərkəzdə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr edilmiş foto-sərgi ilə tanış olub, həmçinin Azərbaycanın ən ağır dövrlərində ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin 3 ay 18 gün ərzində keçirdiyi iclasların 3 cildlik toplusunu Mərkəzə bağışlayıb, onun Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edib.
Spiker Mərkəzin işindən razılığını, kollektivə və Mərkəzin fəaliyyətinin təşkilində fədakar əməyinə görə xanım Şıqaeva-Mitreskaya minnətdarlığını bildirib.

S.Qafarova Mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, müəllim və tələbələrlə xatirə şəkli çəkdirib.