BSU-da mediatur keçirilib

İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişatını izləmək məqsədilə mediatur keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev bildirib ki, imtahanlarda bakalavriat və magistratura səviyyələri üzrə 3868 tələbə iştirak edir. O, qeyd edib ki, bu il ilk dəfə olaraq əsas binada keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub.

Rektor 13 iyun 2000-ci il tarixində Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun fəaliyyətə başladığını deyib. Anar Nağıyev həmin dövrdən başlayaraq profili genişləndirilən universitetin yeni spektr üzrə müxtəlif ixtisaslarda kadr hazırlığını həyata keçirdiyini diqqətə çatdırıb. Rektor yeni tədris ilində universitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlər görüldüyünü vurğulayıb. Bu ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradacağını bildirib. Anar Nağıyev Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini deyib. O, həmçinin qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Keçən tədris ilində iki tələbə Polşada təhsil alıb. O, qeyd edib ki, bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub.

BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən Anar Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Rektor Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Univeristeti ilə əməkdaşlıq müqaviləsi bağlanıb.

2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara toxunan rektor bildirib ki, keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd  yeni ixtisasa - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçən ilki qəbulda plan yerlərinin dolduğunu bildirən Anar Nağıyev bu il nəticənin daha yüksək olacağına inandığını bildirib. “Bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayı 1500 nəfərə yaxın artacaq”- deyə o, qeyd edib.

Anar Nağıyev iyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 1357 imtahanın keçirildiyini vurğulayıb. O, imtahanların müvafiq qaydalara uyğun olaraq təşkil olunduğunu,  şəffaf və ədalətli keçirilməsinin təmin olunduğunu bildirib.

Tədbirdə iştirak edən İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələri imtahanlarda tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitdən razılıq ifadə ediblər.

Qeyd edək ki, BSU-da 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat xidmətinin nümayəndələrindən ibarət “İmtahan Qərargahı” yaradılıb. Həmçinin, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib, əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.