BSU-da beynəlxalq elmi simpozium keçirilir

İyunun 23-də Bakı Slavyan Universitetində (BSU) universitetin Germanistika İnstitutunun təşkilatçılığı ilə "Alman və Azərbaycan Ədəbiyyati mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumun açılış mərasimi keçirilib.

Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev, Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, Türkiyənin Türk-Alman Universitetinin rektoru Cemal Yıldız,  Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun direktoru Sieglinde Hartmann, alman dili mütəxəssisləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını, o cümlədən tədbirə Azərbaycandan kənardan gələn qonaqları salamlayaraq, ənənəvi olaraq Germansistika İnstitutu tərəfindən bu simpoziumun BSU-da təşkil olunduğunu deyib. O,  Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məzunlarının və germanistika sahəsində çalışan mütəxəssislərin iki gün ərzində BSU-ya toplanmasından məmnunluğunu bildirib. Bu konfransın elmi diskursun genişlənməsinə imkan yaratdığını, köhnə dostluqlarla yanaşı, həm də yeni dostluqlar qazandırdığını qeyd edib. Universitet haqqında danışan rektor bildirib ki, BSU Azərbaycanda böyük tədqiqat tarixinə və ənənələrinə malik ali təhsil müəssisəsidir. Universitetdə dünyanın müxtəlif  xalqlarının dili, mədəniyyəti, siyasi  sistemi,  tarixi öyrənilir. Bu kontekstdə alman dilinin həm dil, həm mədəniyyət, həm də tarix kimi öyrənilməsinin ənənəsi olduğunui deyib. Anar Nağıyev hər il 350-400 tələbənin müxtəlif ixtisaslarda alman dilini öyrəndiyini bildirib. BSU-da Germanistika İnstitutunun uğurlu fəaliyyətinə diqqət çəkib, bu fəaliyyətə görə institutun müdiri Sevinc Rzayevaya, həmçinin müəllim və tələbələrə uğurlar arzu edib.

Kadr hazırlığı prosesində rəqabətə davamlı mütəxəssislər yetişdirilməsi üçün regional, beynəlxalq, o cümlədən Avropa ali təhsil məkanına inteqrasiya, keyfiyyətli tədrisin təşkili və tədqiqat sahəsində BSU-nun əməkdaşlığa açıq olduğunu deyib. Bu əməkdaşlıqların həm  slavyanşünaslıq, həm də digər sahələri əhatə edə biləcəyini, elmi jurnallarda məqalələr, tələbə mübadiləsi, birgə elmi konfransların təşkilini vurğulayıb. O, bu simpozium çərçivəsində BSU və Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını bildirib. Rektor iki ali təhsil ocağının əməkdaşlığının daha geniş şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib. Anar Nağıyev davamlı dəstəyə və simpoziumun təşkilində əməkdaşlığa görə Almaniya səfirliyinə və DAAD-yə təşəkkür edib. Eyni zamanda, o,  Avstriyanın və Türkiyənin səfirliklərinə simpoziumun təşkilində iştiraka görə təşəkkür edib.

Anar Nağıyev “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfranslar sırasında bu konfransın da əhəmiyyətini vurğulayıb. Rektor tədbirin qonaqlarını Türkiyə Cümhuriyyətinin 100 illiyi və  “Heydər Əliyev İli” çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetində payızda BSU-nun keçirəcəyi konfransa dəvət edib. O, bütün iştirakçılara uğurlar arzulayıb.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarz tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, konfransın mövzusunun müasir zamanda daha da aktuallaşdığını bildirib. Bu kontekstdə beynəlxalq, iqtisadi, siyasi vəziyyət səbəbindən və bu zaman insanların keçirdikləri hisslər və təəssüratların ədəbiyyatın yaranmasında rol oynadığını vurğulayıb. Azərbaycanın da daxili miqrasiya problemi olan ölkə olduğunu deyən səfir müavini  ölkəmizin  bu problemin birdəfəlik həllinə nail olacağına ümid etdiyini bildirib. O, Azərbaycana almanların 200 il əvvəldən köç etdiyini və neft bumu dövründə də burda məskən saldıqlarını deyib. Alman icmasının Azərbaycanda rahat yaşadığını  qeyd edərək, icmaların yaxınlaşdığını bildirib. Səfir simpoziumun işinə uğurlar arzulayaraq, qarşıya qoyulan perspektivləri vurğulayıb.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq,  BSU-nun bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu deyib. Universitetin beynəlxalq əlaqələrinin çox geniş coğrafiyaya malik olduğunu vurğulayan Sevinc Fətəliyeva bir sıra region və beynəlxalq, o cümlədən Avropa universitetləri ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bir çox elmi mövzuların, habelə müasir filologiya, linqvistikada olan elmi problemlərin BSU-da müzakirə olunduğunu vurğulayıb. Həmçinin, universitetdə xarici dillərin tədrisində həmin dillərə uyğun  mühitin yaradıldığını deyən Sevinc Fətəliyeva bunun Azərbaycanın multikultural dəyərlərinin tərkib hissəsi olduğunu bildirib. O, bu simpoziumun qədim kökə və tarixə malik Azərbaycan-Almaniya münasibətlərinin elm və təhsil istiqamətində mühüm rol oynayacağını qeyd edib. Simpoziumun mövzusunun ikitərəfli münasibətlərin möhkəmlənməsinə və hər iki ölkənin tarixinin öyrənilməsinə imkan yaradacağını diqqətə çatdırıb.

Türk-Alman Universitetinin rektoru Cemal Yıldız tədbir iştirakçılarını salamlayaraq, simpoziumda iştirakından məmnun olduğunu bildirib. Qonaq təmsil etdiyi universitet haqqında məlumat verərək, Türk-Alman Universitetinin 10 il əvvəl yaradıldığını deyib. Universitetin 38 alman  universiteti və DAAD ilə birgə konsorsiumda birləşdiyini qeyd edib. Konfransın əhəmiyyətindən danışan Cemal Yıldız Türkiyə ilə Azərbaycanı qədim ənənənin  birləşdirdiyini qeyd edib. İki ölkə arasında mədəni ünsiyyətin mövcud olduğunu və bir-birini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bu kontektsdə elmi əlaqələrin vacibliyini qeyd edən Cemal Yıldız BSU ilə imzalanacaq sazişin qarşılıqlı əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.

Tədbirdə DAAD-nın regional ofisinin rəhbəri Gebhard Reulun tədbir iştirakçılarına ünvanladığı video təbrik nümayiş etdirilib.

ADU-nun Germanistika İnstitutunun direktoru Sieglinde Hartmann  konfransın əhəmiyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda Germanistika İnstitutlarının yaranma tarixi və fəaliyyətlərindən söz açıb.  Bu müddət ərzində görülən işlərə nəzər salaraq, müxtəlif istiqamətdə keçirilən tədbirləri xatırladıb. Konfransın işinə uğurlar arzulayıb.

Çıxışlardan sonra BSU tələbələrinin ifasında bədii hissə təqdim olunub.

Sonra plenar məruzələr dinlənilib.

Daha sonra simpozium öz işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, üçgünlük beynəlxalq elmi simpoziumda 31 məruzə dinləniləcək, eyni zamanda, alman dili müəllimləri üçün  təkmilləşdirmə seminarı təşkil olunacaq.

Bununla yanaşı, tədbir çərçivəsində 2022-ci ildə keçirilmiş “Germanistikanin yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı simpoziumun məqalələr toplusunun təqdimatı olub.

Simpoziumun yekun iclası Xızı şəhərində keçiriləcək.

 

 

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 7 nəfər və platforma şəkili ola bilər

Bir 11 nəfər, dərs oxuyan insanlar və xəstəxana şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər