BSU-nun Məktəb-Lisey Kompleksində " Son zəng " tədbiri keçirilib

İyunun 14-də Bakı Slavyan Universitetinin(BSU) Məktəb-Lisey Kompleksində(MLK) "Son zəng " tədbiri keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin( ETN) müvafiq əmrinə uyğun olaraq gerçəkləşən " Son zəng " tədbirində ETN-nin,BSU-nun,Nəsimi Rayon İcra Hakimiyyətinin(RİH), valideyn komitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU MLK-nın direktoru İlahə Carçıyeva məzunları təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və gələcək təhsillərində böyük nailiyyətlər arzulayıb. Qeyd edib ki, məktəbin builki məzunlarının "Son zəng " tədbiri xalqımız üçün çox əlamətdar bir dövrə -"Heydər Əliyev İli" nə təsadüf edir. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan gəncliyinə böyük diqqət və qayğı göstərib. Hazırda bu mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müasir dövrün tələblərinə uyğun şəkildə ugurla davam etdirirlər. Vurğulayıb ki, bu il BSU MLK-nın XI sinfi bitirən şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi bizi çox sevindirir. İnanırıq ki, respublikamızda və bütün dünyada tanınmış, nüfuzlu ali təhsil müəssisəsi olan BSU-nun nəzdində fəaliyyət göstərən MLK-nın məzunları gələcəkdə hamımızı daha böyük nailiyyətləri ilə sevindirəcəklər.

BSU-nun elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndan universitetin rektoru Anar Nağıyevin təbriklərini məzunlara çatdırıb, onlara öz xoş arzu və diləklərini ifadə edib.

ETN-nin əməkdaşı Gülüstan Cəfərova, BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev,Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova və digər çıxış edənlər məzunlara bol-bol uğurlar arzulayıblar.

Sonra məktəbin direktor müavinləri, sinif rəhbərləri və müəllimləri məzunları təbrik edərək onlara həyatda və təhsildə yeni-yeni uğurlar arzulayıblar.

Məzunlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə məktəbin rəhbərliyinə və müəllimlərinə təşəkkür ediblər.

Şagirdlərin təqdim etdikləri rəngarəng bədii-musiqili hissə hamıda xoş duyğular yaradıb.

Tədbir məktəbin rəmzi açarının X sinif şagirdinə təhvil verilməsi və "Son zəng "in səsləndirilməsi ilə yekunlaşıb.