BSU-da FHN-nin “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mayın 22-də Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayıb və məlumat xarakterli tədbirin əhəmiyyətini qeyd edib. Rektor Türkiyədəki zəlzələdə FHN-nin peşəkar komandasının zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətindən danışaraq, qardaş ölkədəyə yardımını vurğulayıb.

Mərkəz rəisi, general-mayor Məhərrəm Həsənov tədbirin təşkilinə görə BSU-nun rektoruna təşəkkür edərək, universitetin professor-müəllim heyətini və tələbələri FHN adından salamlayıb. Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nazirliyin bir sıra tədbirlər təşkil etdiyini və bu tədbirin də onlardan biri olduğunu diqqətə çatdırıb. Mərkəz rəisi Ulu öndərin zəngin həyat və fəaliyyətindən söz açaraq, Azərbaycanın bütövlüyü, güclənməsi, beynəlxalq səviyyədə tanınması, beynəlxalq təşkilatlarda sözünü deyən dövlətə çevrilməsi istiqamətində atdığı misilsiz addımlardan danışıb. O, texnogen xarakterli fəlakətlər və təbii fəlakətlər haqqında ümumi məlumat verib, potensial təhlükəli obyektlərdə qaydalara əməl olunmasının zəruriliyini deyib. Əhalinin hər zaman fəlakətlərə hazır olmasının vacibliyini vurğulayıb. General-mayor çıxışında FHN-də könüllülərin fəaliyyəti sahəsində müvafiq qanunlar toplusunun hazırlanması və könüllülər qrupunun formalaşmasının nəzərdə tutulduğunu qeyd edib. BSU tələbələrinin də bu fəaliyyətdə iştiraka dəvət edib.

Suraxanı rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Torpaq sürüşməsi zamanı davranış qaydaları” “Zəlzələ zamanı davranış qaydaları”, rayonun Fövqəladə hallar və mülki müdafiə şöbələrinin hazırlıq işinin təşkili bölməsinin baş məsləhətçisi Vüsalə Səfərova “112 qaynar xətti”, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin inspektoru, daxili xidmət mayoru Fərid Həsənov “Odsöndürücü balondan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin baş məsləhətçisi, 1-ci dərəcəli D/Q Müvəssil Allahverdiyev “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxış ediblər. Çıxışlarda zəlzələ zamanı yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, təxliyyə qaydaları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, 112” qaynar telefon xəttinin təyinatı, çimərliklərdə təhlükəsizlik qaydaları barəsində ətraflı məlumat verilib. Hər mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.