BSU-nun bir qrup professor-müəllim heyəti Polşada X Beynəlxalq Asiya Konqresində iştirak ediblər

Bakı Slavyan Universitetinin (BSU) bir qrup professor-müəllim heyəti - Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov, kafedranın müəllimləri Samirə Abdullayeva və Svetlana Qurbanova Polşa Respublikasının Torun şəhərində 16-19 may tarixində keçirilən X Beynəlxalq Asiya Konqresində iştirak ediblər. BSU-nun nümayəndə heyəti mayın 16-da "Nowa Politika Wshodna" (Şərqin yeni siyasəti) adlı elmi jurnalın nəşriyyatında təşkil olunan elmi seminarda iştirak ediblər. Polşa Respublikasının Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalek və professor İoanna Marşalek-Kawa iştirakçıları sertifikatla təltif ediblər.

Mayın 17-də Azərbaycan Respublikasının Polşadakı səfirliyi və bilavasitə səfir Nərgiz Qurbanovanın təşəbbüsü ilə Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalek və professor İoanna Marşalek-Kawa tərəfindən Torun şəhərinin mərkəzində "Şuşa Azərbaycan mədəniyyətinin mərkəzi" adlı sərgi təşkil olunub və BSU-nun nümayəndələri sərgidə iştirak ediblər.

Mayın 18-də BSU-nun nümayəndələri Konqresin bölmələrində  çıxış ediblər. Həmçinin, mayın 19-da "Xarı bülbül" adlı sənədli film nümayiş etdirilib.

Səfər çərçivəsində Nikolay Kopernik adına Universitetin Siyasi elmlər fakültəsinin dekanı ilə görüş keçirilib. Görüşdə yay məktəbi, müəllim-tələbə mübadiləsi, Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında müzakirələr aparılıb.