BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar keçirilib

Mayın 12-də Bakı Slavyan Universitetində (BSU) Humanitar və sosial elmlər fakültəsinin, Azərbaycanşünaslıq və Slavyan Tədqiqatları Elmi Tədqiqat Laboratoriyası və Diplomatiya və xarici siyasət kafedrasının birgə təşkil etdiyi elmi seminar keçirilib.

Azərbaycanşünaslıq və Slavyan tədqiqatları elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Elmi seminarın da mövzusunun da əlamətdar tarix ilə bağlı olduğunu deyib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Humanitar və sosial-elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə respublikanın hər guşəsində olduğu kimi, BSU-da da silsilə tədbirlərin keçirildiyini, o cümlədən 4-5 may tarixlərində beynəlxalq elmi konfransın baş tutduğunu xatırladıb. Ümummilli liderin zəngin fəaliyyətinə toxunaraq, onun çoxşaxəli fəaliyyətində ərazi bütövlüyü strategiyasının mühüm yer tutduğunu qeyd edib.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Heydər Əliyev və Qarabağ probleminin həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu öndərin Qarabağ siyasətinin spesifik xüsusiyyətlərindən söz açaraq, bu problemin həlli istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edib. Heydər Əliyevin Qarabağın işğaldan azad olunacağina hər zaman inandığını, bu istiqamətdə müdrik xarici siyasət strategiyasını yeritdiyini, dövlətin iqtisadi gücünün artırılması üçün gördüyü işləri qeyd edib. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Elmi seminarda çıxış edən kafedranın əməkdaşları dosent Şirinbəy Əliyev, baş müəllimlər Elçin Mehdi, Mahirə Əzizova böyük şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin fəaliyyətini bir daha vurğulayıb, Ulu öndərin ölkəmizin rifahı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdırıblar.