BSU-da "Heydər Əliyev İli " çərçivəsində " Mən fəxr edirəm ki,Azərbaycanlıyam!" mövzusunda dəyirmi masa keçirilib

Aprelin 28-də Bakı Slavyan Universitetinin ( BSU) Filologiya fakültəsinin nəzdində Rus dili və onun tədrisi metodikası kafedrasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Aida Şahbazova bildirib ki,müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və təcrübəli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə çatdırılması məqsədilə BSU-da silsilə tədbirlər keçirilir. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurub-yaratığı müstəqil Azərbaycan Respublikasını dövlət başçımız İlham Əliyev uğurla idarə edir və ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur.
Rus dili və onun tədrisi metodikası kafedrasının dosentləri Fərman İsayev, Raziyyə Balayeva, baş müəllimi Elşanə Hümbətova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri, ölkəmizin çətin və mürəkkəb dövründə üzərinə düşən xilaskarlıq və quruculuq missiyasını layiqincə yerinə yetirdiyini, elm, təhsil və mədəniyyətə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar. Qeyd olunub k, qüdrətli və parlaq siyasi xadim Heydər Əliyevin xatirəsi həmişə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edilib.
BSU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistri Əli Eynəliyev Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi sayəsində imzalanmış "Əsrin müqaviləsi" nin Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsindəki mühüm rolu ilə bağlı fikirlərini bölüşüb.
Filologiya fakültəsinin dekanı, dosent Sevinc Abışova bildirib ki, bugünkü tədbirin Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın doğum günündə keçirilməsi təqdirəlayiq haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər hamımızı ürəkdən sevindirir.