BSU-da "Heydər Əliyev İli " çərçivəsində " Heydər Əliyev və Ana dili" mövzusunda tədbir keçirilib

Aprelin 27-də "Heydər Əliyev İli " çərçivəsində Bakı Slavyan Universitetinin ( BSU) Filologiya fakültəsinin nəzdində Müasir Azərbaycan dili kafedrasında "Heydər Əliyev və Ana dili" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov çıxış edərək görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın elmi-intellektual potensialının artırılması istiqamətində göstərdiyi böyük xidmətləri diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu gün müstəqil Azərbaycanın dünya birliyindəki yeri və mövqeyi daha da güclənmiş, beynəlxalq siyasi nüfuzu yüksəlmişdir.

Sonra Müasir Azərbaycan dili kafedrasının baş müəllimi Zoya Cəbrayılova " Heydər Əliyev və nitq mədəniyyəti" mövzusunda və kafedranın baş müəllimi Sevinc Kərimova "Heydər Əliyev Azərbaycan dilinin təəssübkeşi kimi" mövzusunda çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, ana dilimizin dövlət dili statusu almasına göstərdiyi böyük diqqət və qayğı, yüksək nitq mədəniyyətinə malik siyasi lider olması geniş əksini tapıb.

Tədbirdə iştirak edən Türkologiya kafedrasının müdiri, dosent Gülnarə Əliyeva-Koşkun Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mərkəzində dayanan türkçülüyün, Türkoloji dilçiliyin inkişafına və Türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsinə verdiyi böyük töhfələr barədə fikirlərini bölüşüb.