BSU-da "Heydər Əliyev və Türk dünyası " mövzusunda elmi seminar keçirilib

Aprelin 28-də " Heydər Əliyev İli"çərçivəsində Bakı Slavyan Universitetinin ( BSU) Filologiya fakültəsinin nəzdində Türkologiya kafedrasında "Heydər Əliyev və Türk dünyası " mövzusunda elmi seminar keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın, həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, dövlət başçımız İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli " elan edilib. Bu Sərəncama uyğun olaraq respublikamızda və dünyanın bir çox xarici ölkələrində Ulu Öndər Heydər Əliyevin bu tarixi yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir. Hazırda BSU-da da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirildiyini qeyd edən dosent Xanım Sultanova bugünkü elmi seminarın Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli məsləkdaşı, akademik Zərifə xanım Əliyevanın doğum günündə keçirilməsini də müsbət hal və qədirbilənlik nümunəsi kimi qiymətləndirib.

Türkologiya kafedrasının müdiri, dosent Gülnarə Əliyeva-Koşkun qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin müasir inkişafının böyük hissəsi Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Vurğulayıb ki, həyatımızın bütün sahələrinin inkişafında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləri var. Çıxışında Ulu Öndər Heydər Əliyevin çoxcəhətli idarəçilik və dövlətçilik fəaliyyətində Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə, Türkologiya elminə, Türk xalqları arasında əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdıran dosent Gülnarə Əliyeva-Koşkun bu istiqamətin onun siyasi-ideoloji fəaliyyətində mühüm yer tutduğunu bildirib.

Sonra Türkologiya kafedrasının professoru Eldar Piriyevin "Heydər Əliyev və ana dili" mövzusunda, kafedranın dosenti Teyyub Quliyevin "Heydər Əliyev və Türk mədəniyyəti " mövzusunda çıxışları dinlənilib. Çıxışlarda xalqımızın vətənpərvər oğlu Heydər Əliyevin Azərbaycan dilinin qorunması, geniş təbliğ olunması və dövlət dili statusu alması sahəsində həyata keçirdiyi səmərəli məqsədyönlü fəaliyyət, eləcə də Türk mədəniyyətinin inkişafına verdiyi böyük töhfələr geniş və dolğun təhlil edilib.

Elmi seminarda "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxış edən Filologiya fakültəsinin IV tədris ili tələbəsi Aytəkin Səmədzadə ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması, gənclərin sağlam düşüncəyə malik olmaları, onların yüksək səviyyədə təhsil almaları üçün həyata keçirdiyi ardıcıl tədbirlər haqqında danışıb və dövlət gənclər siyasətinin bu gün uğurla davam etdiyini diqqətə çatdırıb.

Sonda Filologiya fakültəsinin dekanı, dosent Sevinc Abışova tədbirin təşkilatçılarına təşəkkür edib və belə tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.