BSU tələbələri Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalının yekun konsertində iştirak ediblər

May 6-da Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.

Konsertdə ali təhsil müəssisələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şeirlər səsləndirilib.

Tədbirdə Bakı Slavyan Universitetinin (BSU) “Arzu” rəqs kollektivi və vokal musiqi qrupu da fəal iştirak ediblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir.