BSU-nun Məktəb-Lisey Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Mayın 10-da Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU MLK-nın direktoru İlahə Carçıyevanın çıxışının leytmotivini dünya şöhrətli fenomenal siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin, çoxşaxəli fəaliyyəti, xalqımızın müasir tarixindəki misilsiz xidmətləri, Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması təşkil edib. Vurğulayıb ki, şah əsəri müstəqil Azərbaycan Respublikası olan dahi tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Sonra məktəbin şagirdlərinin Ulu Öndər Heydər Əliyevin böyük tarixi yubileyi münasibətilə hazırladıqları maraqlı və rəngarəng konsert proqramı təqdim edilib.

Qeyd edək ki, "Heydər Əliyev İli " çərçivəsində məktəbdə Ulu Öndər Heydər Əliyevin yeni guşəsi yaradılıb, həmçinin məktəbin şagirdləri arasında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş şeir və inşa müsabiqələri, şagird təqdimatları, sinif divar qəzetlərindən və şagirdlərin əl işlərindən ibarət sərgilər, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib. Məktəbdə belə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur. Bundan başqa, məktəbin bir şagirdi Nəsimi Rayon İcra Hakimiyyətinin Azərbaycanın böyük tarixi şəxsiyyətləri ilə bağlı təşkil etdiyi yazı müsabiqəsində yüksək nəticə göstərərək final mərhələsinə keçib.

Tədbirin sonunda müsabiqə və təqdimatlarda, sərgilərdə,idman yarışlarında qalib gəlmiş şagirdlərə diplom və təşəkkürnamələr verilib.