BSU-da “Heydər Əliyev və müasir Azərbaycan mətbuatı” mövzusunda elmi seminar keçirilib

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) “Heydər Əliyev İli” çərçivəsində Humanitar və sosial elmlər fakültəsinin nəzdində Jurnalistika kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan mətbuatı” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “İki sahil” qəzetinin baş redaktoru, Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, kafedranın professor-müəllim heyəti, BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, qonaqları BSU-da görməkdən məmnunluq duyduğunu bildirib. O, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik dövründə ölkəmizin inkişafındakı əvəzolunmaz rolundan söz açıb. Müstəqillik dövrünün ağrılı problemlərinə toxunaraq, o dövrdə ölkəmizin təcavüz və işğala məruz qaldığını vurğulayıb. Ulu öndərin istər sovet dövründə, istərsə də həmin çətin vaxtda Azərbaycan xalqının qarşısında ölkəmiz üçün həyata keçirdiyi mühüm işlərdən danışıb. Müstəqillik illərində dövlət aparatının formalaşdırılması, Konstitusiyanın referendumla qəbul olunması kimi vacib işlərin görüldüyünü deyib. Azərbaycanı dünyaya multikultural dəyərlərə sahib bir ölkə modeli kimi təqdim etdiyini qeyd edib. O, bildirib ki, Heydər Əliyevin adı həm də iqtisadi inkişafla bağlıdır, çünki o, iqtisadiyyatı milli sərvətə çevirərək, iqtisadi dayanıqlılığın inkişafının əsasını qoyub. Azərbaycanın beynəlxalq səviyyədə bugün də etibarlı tərəfdaş olduğunu qeyd edən A.Nağıyev Prezident İlham Əliyevin Ulu öndərin siyasətini uğurla davam etdirdiyini vurğulayıb. 

Rektor bildirib ki, Azərbaycanda senzuranın ləğvi, Konstitusiyada söz və ifadə azadlığının təsbit olunması Heydər Əliyevin adı ilə bağlıdır və media sahəsində aparılan islahatlar Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. A. Nağıyev 44 günlük Vətən müharibəsində Heydər Əliyev ideyalarının və strategiyasının davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dörd dildə dünyanın böyük, nüfuzlu media orqanlarına verdiyi müsahibələrini onun qlobal səviyyədə liderlik bacarığına malik olmasının sübutu olduğunu və dünya mediasına peşəkar təlim keçdiyini diqqətə çatdırıb. Rektor, həmçinin ötən həftə BSU-da “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransdan bəhs edərək, Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, o cümlədən irsinin öyrənilməsi üçün geniş elmi platforma təşkil olunduğunu qeyd edib.

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu öndərin misilsiz tarixi xidmətlərindən danışıb, xalqımızın böyük oğlu, dahi rəhbər, müdrik və uzaqgörən siyasətçi, geniş erudisiyaya malik dünya şöhrətli dövlət xadimi olduğunu deyib. 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf yolunu işıqlı zəkası və dühası ilə çızan müdrik rəhbər olduğunu deyib. Heydər Əliyevin ideyalarının və onun əziz xatirəsinin hər zaman yaşayacağını bildirib. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərin hələ XX əsrin 70-ci illərindən başlayaraq atdığı addımların uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib. Ulu öndərin ədəbiyyat, incəsənət adamlarına, media nümayəndələrinə xüsusi qayğısından söz açıb, onunla bağlı görüşlərindən danışıb və şəxsi xatirələrini dilə gətirib. 

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Heydər Əliyevin xalqının inkişafına öz töhfəsini verən dahi bir şəxsiyyət və fenomen olduğunu bildirib. Azərbaycan dövlətçiliyini, xalqın bötövlüyünü qoruduğunu deyib. Heydər Əliyevin mediaya və jurnalistlərə qayğısından söz açaraq, 2002-ci ildə Ulu öndərin “Jurnalistlərin dostu” nominasiyası üzrə media nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə qalib elan olunduğunu xatırladıb. Ə.Amaşov Heydər Əliyevin jurnalistlərlə səmimi və sadə ünsiyyətindən danışıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ulu öndərin Azərbaycan tarixində tutduğu müstəsna yerdən bəhs edib, onun işıqlı xatirələrindən danışıb. A.Musayev deyib ki, XX əsrin nadir siyasi dövlət xadimi olan Ulu öndər Heydər Əliyev həyatının bütün dönəmlərində milli ideologiyanın banisi olub. Bütün həyatını xalqa bəxş edən Heydər Əliyevin mətbuata münasibətinin başında böyük şəxsiyyətin sözə münasibətinin dayandığını bildirib. O, Heydər Əliyevlə bağlı şəxsi xatirələrini bölüşüb, onun səmimiyyətindən bəhs edib. 

Tədbirdə BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayevin “Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev” filminin nümayişi olub. Filmdə Türkiyənin nüfuzlu siyasi və dövlət xadimlərinin Heydər Əliyev haqqında fikirləri və xatirələri yer alıb.