BSU-da “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib

Mayın 1-də Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi fakültəsi və İngilis filologiyası kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında ölkəmizdə və BSU-da “Heydər Əliyev İli” çərçivəsində keçirilən müxtəlif silsilə tədbirlərdən biri olan bu tədbirin mühüm əhəmiyyətli mövzulardan birini əhatə etdiyini, Ulu Öndər Heydər Əliyevin  Azərbaycan gənclərinin gələcəyi ilə bağlı gənclər siyasətinin tarixinə toxunulduğunu bildirib. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında, eləcə də gələcəyə addımlar üçün strategiyanın əsasını  qoyan Heydər Əliyevin siyasətinin davamı olaraq Prezident İlham Əliyevin  rəhbərliyi ilə əldə olunan qələbə və nailiyyətlərdən söz açıb. Anar Nağıyev hələ 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü misilsiz xidmətlərdən danışıb. O, Heydər Əliyevin təşəbbüsü ilə o zaman 4000 azərbaycanlı  tələbənin sənayenin inkişafında iştirakını təmin edən ixtisaslı kadrlar kimi yetişdirilməsi üçün xaricdə təhsil almağa göndərildiyini qeyd edib. Rektor Azərbaycan gəncləri ilə bağlı bu addımların ölkənin siyasi müstəqilliyinin bərpasından, Ümummilli liderin iknci dəfə hakimiyyətə qayıdışından sonra da davam etdiyini deyib. A. Nağıyev məhz Ulu Öndərin təşəbbüsü  və rəhbərliyi altında Azərbaycan Gəncləri Gününün təsis olunduğunu, dövlət strukturlarının formalaşdırıldığını,  gənclər siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. Rektor BSU-nun yaranmasının da Ulu öndərin adı ilə bağlı olduğunu deyib.  1972-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətə başlayan bu ali təhsil müəssiəsinin Heydər Əliyevin müvafiq sərəncamı ilə 2000-ci ildə yeni statusa malik BSU-nun yaradıldığını vurğulayıb. Prezident İlham Əliyevin bu siyasi xəttin nəticəsi olaraq xalqımıza qürurlu  zəfər yaşatdığını diqqətə çatdırıb. Rektor bu siyasətin əsasında da həmin uğurlu siyasətin durduğunu vurğulayıb. Anar Nağıyev 2023-cü ildə, həmçinin,  Azərbaycanla yanaşı, dünya oftalmologiya elminə öz töhfələrini vermiş akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd olunduğunu deyib. Hər iki şəxsiyyətin bu günkü Azərbaycanı qalib ölkəyə çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevi yetişdirdiyini vurğulayıb. “Bu günlərdə Türkiyədə keçirilən “Teknofest” festivalında Azərbaycan Prezidentinin iştirakı və verdiyi mesajlar ona dəlalət edir ki, hələ uzun müddət Azərbaycan dünyada söz sahibi olan ölkələrdən biri olacaq”- deyə o, qeyd edib. Rektor tələbə gənclərə öz fəaliyyətlərini bu istiqamətdə qurmağı, gələcəyin peşəkarları olaraq, Ulu Öndərin Azərbaycan gənclərinin qarşısında qoyduğu məqsədlərə çatmağı, həmçinin Azərbaycançılıq ideyasından yaranan təfəkkürə malik olmalarını arzulayıb. O, gənclərə  Heydər Əliyevin zəngin irsini öyrənməyi və faydalanmağı tövsiyyə edib.

MillI Məclisin deputatı, İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva Ulu Öndər  Heydər Əliyevin 100 illiyinin Azərbaycanın adı və inkişafı ilə bağlı olduğunu bildirib O, mövzunun əhəmiyyətinə toxunaraq, Heydər Əliyevin həyat təcrübəsinin bir məktəb və örnək olduğunu vurğulayıb. Heydər Əliyevin hələ Sovet  dönəmində  Azərbaycana  rəhbərlik etdiyi  dövrə ekskurs edərək, hər bir sahədə ölkənin inkişaf və nailiyətlərində onun gənclərə xüsusi önəm verdiyini deyib. Bütün sahələrədə, o cümlədən təhsil sahəsində gənclərin inkişafı, layiqli vətəndaşlar kimi yetişməsinə önəm verən Ümummilli liderin atdığı addımlardan birinin də azərbaycanlı gənclərin xaricdə təhsili olduğunu vurğulayıb. Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışından sonra keçirdiyi ilk görüşlərdən birinin məhz gənclərlə olduğunu deyib, onlara mühüm tövsiyələr verdiyini qeyd edib. O, Ulu öndərin Azərbaycanın  müstəqil dövlət kimi inkişafında gənclərə göstərdiyi qayğı və diqqətdən söz açaraq,  müxtəlif gənclər təşkilatlarının təşəkkül tapdığını, eyni zamanda, demokratik cəmiyyyətin yaradılmasında yeni düşüncəli gənclərin bu birliklərdə birləşdiyini bildirib. O, həmçinin Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla görüşlərdə də gənclərə xüsusi diqqət ayırdığını deyib. Ümummilli liderin əsasını qoyduğu bu siyasətin İlham Əliyev tərəfindən davam etdirlidiyini deyən Sevinc Fətəliyeva 2016-cı ildə, həmçinin 2020-ci ildə vətənpərvər   Azərbaycan gəncliyinin Ali Baş Komandanın ətrafında sıx birləşdiyini qeyd edib.

Tarix və ictimai elmlər fakültəsinin dosenti Adil Əliyev Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən söz açıb. Tarixdə şəxsiyyətlərin rolundan danışan natiq Heydər Əliyevin Azərbaycan xalqını təhlükələrdən qoruduğunu, müdrik, uzaqgörən siyasəti nəticəsində  bütün sahələrdə  inkişafın təməlini qoyduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salıb, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi  dövrlərdəki misilsiz xidmətlərindən danışıb. Prezident İlham Əliyevin Ulu Öndərin inkişaf strategiyası və siyasətini, o cümlədən gənclər siyasətini uğurla davam etdirdiyini bildirib.

İngilis filologiyası kafedrasının baş müəllimi Xəyalə Qasımova Ümummilli lider Heydər Əliyevin ölkə gəncliyinə investisiya qoyduğunu vurğulayaraq, Gənclər Fondunun yaradılmasının da onun Azərbaycan gəncliyinə töhfəsi olduğunu deyib. O, həmçinin çıxışında Ulu Öndərin təhsil, idman, mədəniyyət sahəsindəki danılmaz rolundan söz açıb.

Sonra Xarici dil müəllimliyi ixtisasının IV tədris ili tələbələri Naz Budaqova və Elmar Xaliyev, I tədris ili tələbəsi Leyla Həsənova, III tədris ili tələbəsi Banu İbrahimli, I tədris ili tələbələri  Nazlı Zeynallı və Nuran Hüseynova ingilis, alman rus, fransız dillərində təqdimatlarla çıxış ediblər.

Sonda Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının təşəbbüsü ilə Xarici dil müəllimliyi və Almaniyaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılıb.