BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar keçirilib

Aprelin 27-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər kafedrasında professor-müəllim heyəti, tələbə, magistr və doktorantların iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi seminar keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova Azərbaycanın milli maraqlarının ən önəmli məsələlərindən olan ərazi bütövlüyü strategiyasının daim Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olduğunu deyib. Ulu Öndərin beynəlxalq və regional təşkilatlarda bu mövzuda çıxışlarının xüsusi əhəmiyyətini vurğulayıb.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov kafedrada “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş silsilə tədbirlər barəsində ümumi məlumat verib, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli parlaq fəaliyyəti ilə bağlı müxtəlif dəyirmi masa və elmi seminarların təşkil olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva "Heydər Əliyevin Azərbaycanin ərazi bütövlüyü uğrunda diplomatik fəaliyyəti" adlı geniş məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən xarici siyasət kursunun əsas məğzini məhz Azərbaycanin ərazi bütövlüyü uğrunda mübarizənin təşkil etdiyini qeyd edərək, Ulu Öndərin bu sahədəki çoxşaxəli fəaliyyətindən söz açıb.

Elmi seminar məruzə ətrafında müzakirələrlə davam edib.