BSU-da “Heydər Əliyev İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" elmi seminarı keçirilib

Aprelin 26-da Bakı Slavyan Univerisitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova universitetdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıraraq, bu tədbirin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev “Heydər Əliyev və Azərbaycanın yeni iqtisadi siyasəti”, kafedranın baş müəllimləri Mətanət Şadlinskaya “Heydər Əliyev Müstəqil Azərbaycan iqtisadiyyatının qurucusudur”, Asif Quliyev “Azərbaycanın neft strategiyası”, kafedranın müəllimi Rəşad Babayev “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Ulu Öndər Heydər Əliyevin ölkədə yeni iqtisadi sistemin əsasını qoyması, Azərbaycan iqtisadiyyatının liberallaşması və aparılan iqtisadi islahatlar sayəsində aparıcı iqtisadi gücə çevrilməsi haqqında məlumat verilib. Həmçinin, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasından bəhs olunub.