Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub

Martın 3-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşev və nümayəndə heyətinin üzvləri Bakı Slavyan Universitetində (BSU) olub.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əhəmiyyətini qeyd edən Baş prokuror Kamran Əliyev, mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Baş prokuror həmkarını Bolqarıstanın milli günü münasibəti ilə təbrik edib və fəaliyyətlərində uğurlar arzu edib.

BSU-nun Bolqar dili və mədəniyyəti mərkəzində keçirilən görüşdə rektor Anar Nağıyev universitetin tarixi və burada həyata keçirilən ixtisaslar haqqında ətraflı məlumat verib, Bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyəti, Bolqarıstanlı tərəfdaşları ilə həyata keçirilən birgə layihələrin ölkələrimiz arasında elm, təhsil sahəsində əməkdaşlığın genişlənməsinə, iki dövlət arasında dostluq körpüsünün möhkəmlənməsinə mühüm töhfələr verdiyini bildirib.

Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşev Universitet və Bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə tanışlıqdan məmnunluğunu bildirib. İvan Geşev öz şəxsi kitabxanasından və Bolqarıstan Kitabxanaçılıq İnstititu tərəfindən təqdim edilən kitabları BSU-nun Bolqar dili və mədəniyyəti mərkəzinə hədiyyə edib.

Görüş zamanı BSU-nun əməkdaşları, Slavyan filologiyası kafedrasının müdiri, professor Rafiq Novruzov və BSU-nun müəllimi, Sofiya Müqəddəs Klement Orxidski universitetinin dosenti Bisserka Veleva-Petrussenko qonaqlara BSU-nun Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən “Dil vasitəsi ilə əməkdaşlıq” layihəsi haqqında geniş məlumat veriblər. Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru A.Bayramova Müqəddəs Klement Orxidski və Veliko-Trnovo universitetləri ilə genişlənməkdə olan əlaqələrdən, tələbə və müəllim mübadiləsinin əhəmiyyəti haqqında məlumat verib.

Səfər zamanı İvan Geşev BSU-nun məzunu olmuş və hazırda bolqar dili müəllimi olan Leyla Ocaqverdiyeva, eləcə də Tərcümə və Humanitar və Sosial elmlər fakültələrinin bir qrup tələbəsi ilə görüşərək səmimi söhbət edib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Bolqarıstan Respublikasının sabiq prezidenti Qeorqi Pirvanov BSU-nun fəxri doktorudur.