BSU-nun Məktəb-Lisey Kompleksinin şəhid məzunu Elçin Cavadovun xatirəsi anılıb

Fevralın 23-də Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) bu təhsil müəssisəsinin şəhid məzunu Elçin Rasim oğlu Cavadovun anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhid Elçin Cavadovun və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Elçin Cavadovun həyat və keçdiyi döyüş yolu barədə geniş məlumat verilib. Bildirilib ki, 1963-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuş Elçin Cavadov BSU MLK-da orta təhsil alıb. Hərbi xidmətdən sonra polis məktəbinə qəbul olunub və həmin məktəbi bitirdikdən sonra polis əməkdaşı kimi fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən Elçin Cavadov Ağdərə, Xankəndi uğrunda gedən döyüşlərdə iştirak edib və həmişə öz igidliyi, cəsurlugu ilə fərqlənib. 1994-cü il fevral ayının 23-də Ağdam rayonunun Xındırıstan kəndində qəhrəmancasına şəhid olub. Vurğulanıb ki, bütün şəhidlərimiz kimi, Elçin Cavadovun da xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin qisası alındı.

BSU MLK-nın direktoru İlahə Carçıyeva çıxış edərək Birinci Qarabağ və Vətən müharibəsindən, bu müharibələrdə xalqımızın vətənpərvər oğullarının göstərdikləri misilsiz qəhrəmanlıqlardan danışıb və Elçin Cavadovla bağlı xatirələrini bölüşüb.

Sonra tədbir məktəbin şagirdlərinin hazırladıqları bədii-musiqili hissə ilə davam edib.


Şəhid Elçin Cavadovun anası Humay Cavadova ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkür edib.

Qeyd edək ki, həmin gün şəhid Elçin Cavadovun İkinci Fəxri xiyabandakı məzarını ziyarət edən məktəbin rəhbərliyi, müəllim və şagirdləri şəhidin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.