BSU-nun professoru vəfat edib

Bakı Slavyan Universitetinin kollektivinə ağır itki üz verib. Tanınmış pedaqoq, istedadlı ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Elmira Rəhimova vəfat edib.

Professor Elmira Abdulla qızı Rəhimova Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib.

1962-ci ildə E. A. Rəhimova Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib.

1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30 -cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib.

1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kuba Respublikasının Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

Elmira Rəhimova BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb.

Elmira Rəhimova hərtərəfli zəngin şəxsiyyət və müəllim kimi yaddaşlarda iz qoyub. Onun həm də istedadlı nasir olaraq hekayələri, povestləri esseləri müntəzəm olaraq mötəbər ədəbi jurnallarda dərc olunub.

Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.