BSU-da Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir müasir müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev müasir Azərbaycan dövlətinin banisi, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında müstəsna əməyi olmuş Ulu Öndər Heydər Əliyevin Anım gününün dərin ehtiramla qeyd edildiyini bildirib. O, Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin inkişafındakı çoxşaxəli fəaliyyətində təhsilin xüsusi yeri olduğunı vurğulayıb. Rektor Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasətinin mühüm fundamental və tarixi əhəmiyyətli məqsədlərə hədəfləndiyini qeyd edib. Ulu Öndərin təhsil strategiyası həm milli tariximizin qorunmasını, həm bu gününün inkişafını, həm də gələcəyin təmin olunmasını özündə ehtiva edib. Rektor hələ 1978-ci ildə Azərbaycanın Konstitusiya layihəsinin hazırlanması zamanı Heydər Əliyevin Azərbaycan dilini ana dili kimi bu layihəyə əlavə etməsi həm milli identikliyin qorunması baxımından mühüm addım, həm də 1970-ci illərdə yüksəliş dövrünü yaşayan Sovet İttifaqında milli dəyərlərin qorunması istiqamətində atıla biləcək cəsarətli addım olduğunu diqqətə çatdırıb.

Ulu Öndərin hakimiyyəti illərində ali təhsilin inkişafının hər zaman xüsusi diqqətdə saxlandığını deyən rektor bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ali məktəblərin sayı artıb, yeni ali təhsil müəssisələri yaradılıb. Anar Nağıyev BSU-nun inkişafının da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. O, məhz Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu yaradıldığını deyib, Ulu Öndərin 13 iyun 2000-ci ildə imzaladığı və ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən Sərəncamı ilə Bakı Slavyan Universitetinin yaradılmasının isə ölkəmizin yeni inkişaf dönəmində atılmış mühüm addımlardan olduğunu vurğulayıb.  

O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan təhsilinin uğurlu inkişafının müasir qlobal çağırışlar və dinamik elmi və elmi-texnoloji inkişaf fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz, iqtisadiyyatımız və cəmiyyətimizin gələcəyi naminə sürətlə davam etdiyini nəzərə çatdırıb. 

Milli Məclisin deputatı, BSU-nun İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva “Ümummilli lider Heydər Əliyev uğurlu xarici siyasətimizin banisi” məruzəsində Ümummilli liderin bütün həyat və fəaliyyətinin müstəqil Azərbaycan dövlətinin təşəkkül etməsinə kökləndiyini deyib. O, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı dövründə baş verən geosiyasi proseslərdən danışıb. Məhz Ulu Öndərin uğurlu xarici siaysəti nəticəsində dövlətlər arasında ikitərəfli münasibətlərin formalaşması, beynəlxalq təşkilatlara üzvlüyün Qarabağ məsələsinin həllində hüquqi baza yaratdığını diqqətə çatdırıb. O, Ulu Öndərin müəyyən etdiyi xarici siyasət kursunun dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıdığını vurğulayıb.

Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə “Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin qarantı” məruzəsində Ümumilli lider Heydər Əliyevin siyasi sabitliyin təminatçısı kimi cızdığı yol nəticəsində o zaman dövlət büdcəsi tam formalaşmayan, ordu quruculuğu demək olar ki, olmayan Azərbaycanın Ermənistanla uzun müddətli atəşkəsə nail olduğunu bildirib. Bu siyasi gedişin bəhrəsini isə 30 ildən sonra şanlı zəfərlə nəticələndiyini deyən Vüqar Rəhimzadə Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğunda mütərəqqi addımlar atdığını qeyd edib.

Avropa dilləri kafedrasının müdiri, dosent Nigar Babayeva “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin formalaşdırılması” məruzəsində Ulu Öndərin hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini qeyd edib. 

Türkologiya kafedrasının müdiri vəzifəsini icra edən, dosent Gülnarə Əliyeva “ Ulu öndər Heydər Əliyevin adı bu gün türk dünyasının birlik rəmzidir” məruzəsində müasir Azərbaycan dövlətçiliyinin qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını, bütövlükdə türk dünyasını əhatə etdiyini bildirib. O, böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələrin elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyi ilə də böyük tarixi əhəmiyyətə malik olduğunu deyib.

Tədbirdə, həmçinin bildirilib ki, müdrik dövlət xadimi, dahi rəhbər, Ümummilli lider Heydər Əliyev tarix yaradan, tarixdə əbədi yaşayan böyük şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir. Bu siyasətin təməli də Ümummilli liderin uzaqgörən dühasından qaynaqlanır.