BSU-da Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Oktyabrın 12-də Bakı Slavyan Universitetində ( BSU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılıgı ilə Xalq şairi, Əməkdar incəsənət xadimi, dramaturq, nasir, tərcüməçi Nəriman Həsənzadə ilə görüş keçirilib.

Xalq şairi Nəriman Həsənzadə görüşün keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və belə görüşlərin gənclərin mənəvi dünyasının zənginləşməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra keçdiyi keşməkeşli həyat yolu və yaradıcılığı barədə geniş danışan şair yeni şeirlərini oxuyub, müasir ədəbi proseslə bağlı fikirlərini diqqətə çatdırıb, Ulu Öndər Heydər Əliyev, görkəmli yazıçı və pedaqoq-alim Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb, müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Sədaqət Əsgərova, Azərbaycan ədəbiyyatı kafedrasının professorları Rəhilə Qeybullayeva, Leyla İmaməliyeva, dosentləri Fərrux Məmmədov, Gültəkin Əliyeva və başqaları çıxış edərək Nəriman Həsənzadə yaradıcılıgının səmimi, həzin, kövrək notlarını yüksək qiymətləndiriblər.

Filologiya fakültəsinin tələbəsi Validə Vəliyeva çıxışında Nəriman Həsənzadənin çoxşaxəli yaradıcılığının oxucular tərəfindən çox sevildiyini vurğulayıb.

Daha sonra fakültənin tələbələri Aytac Mirzəyeva, Ülkanə Musayeva, Ləman Quliyeva, Ziyad Sarıyev şairin şeirlərini səsləndiriblər.