BSU-da Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib

İyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib.

Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib.

Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər.

Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir.

Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb.

Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb.

BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər.

Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.

 

 

 

Bir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər