BSU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

İyunun 8-də 15 iyun-Milli Qurtuluş Günü ərəfəsində Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasına (YAP) qəbul olunmuş yeni üzvlərə vəsiqələrin təqdimatı mərasimi keçirilib.

Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Təhsil fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin ərazi ilk partiya təşkilatının sədri dosent Sevinc Axundova tədbir iştirakçılarını 15 iyun- Milli Qurtuluş günü münasibətilə təbrik edib və bu günün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib.

Tədbirdə Ulu öndərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra çıxış edən Nəsimi rayon YAP sədri Azər Süleymanov müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam və inkişaf etdirdiyini diqqətə çatdırıb.

Azər Süleymanov YAP sıralarına yeni qoşulmuş üzvlərə vəsiqələri təqdim edib və gəncləri təbrik edərək, onlara həm təlim-tədris fəaliyyətlərində, həm də gələcək həyatlarında uğurlar arzulayıb.