BSU-da alman professoru Ziglinde Hartmann və naşir Hans-Jürgen Maurerla görüş keçirilib

Mayın 10-da Bakı Slavyan Universitetinin (BSU) II tədris binasında alman professoru Ziglinde Hartmann və naşir Hans-Jürgen Maurer universitetin müəllim və tələbələri ilə görüş keçiriblər. Görüş BSU-nun və Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə 6-8 may 2022-ci il tarixlərində keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş " Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi" adlı Beynəlxalq Simpozium çərçivəsində reallaşıb. Qeyd edək ki, almaniyalı qonaqlar əvvəlcə BSU-nun Germanistika İnstitutunun direktoru, Alman filologiyası kafedrasının müdiri, professor Sevinc Rzayeva ilə görüşərək sözügedən İnstitutun,eləcə də Vilhelm fon Humboldt adına Alman Dili Tədrisi və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Görüşü giriş sözü ilə açan professor Sevinc Rzayeva bildirib ki, Ziglinde Hartmann Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin professorudur. Vurğulanıb ki, professor Ziglinde Hartmann 2010-2017-ci illərdə mütəmadi olaraq ildə iki dəfə BSU-da alman dilini öyrənən tələbələr üçün mühazirələr oxuyub. Hans-Jürgen Maurer isə tanınmış və nüfuzlu naşirdir. Qurban Səid və onun "Əli və Nino" romanı  naşirin əsas tədqiqat istiqamətlərindən biridir. O bu əsəri, həmçinin Azərbaycanın digər yazıçılarının əsərlərini alman dilində çap edib.

Görüşdə professor Ziglinde Hartmann alman ədəbiyyatı ilə bağlı mühazirə oxuyub, Hans-Jürgen Maurer naşirlik fəaliyyəti barədə məlumat verib, habelə Azərbaycan ədəbiyyatına,mədəniyyətinə, xalqımızın görkəmli şəxsiyyətlərinə xüsusi maraq göstərməsindən bəhs edib.

Görüş iştirakçıların suallarının cavablandırılması və maraqlı diskussiya ilə başa çatıb.