BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfransı

 

 

  

15 aprel 2022-ci il tarixində Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Azərbaycan Respublikası Təhsil Institutunun direktoru Rüfət Əzizov, “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova, həmçinin aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, BSU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Konfransın plenar iclasını giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfransda təhsil vasitəsilə inklüzivliyin təşviqi, inklüzivliyin təhsil proqramlarında (kurrikulumlarında) əks olunması kimi məsələlərin müzakirə olunmasının əhəmiyyətini vurğulamışdır. Rektor çıxışında qeyd etdi ki, Bakı Slavyan Universitetində keçirilən bu konfrans sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və onlar üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıyır.

Plenar iclasın ilk məruzəçisi Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil vasitəsi ilə inklüziyanın və inteqrasiyanın təşviqi” mövzusunda çıxış edərək, qeyd etdi: “İnklüziya, həmçinin, tolerantlığı, dözümlülüyü, fərqliliklərə hörmətlə yanaşmağı, müxtəlifliyi qəbul etmək və dəstək verməyi, cəmiyyətdə tam və fəal iştirakı təşviq edir. Eyni zamanda cəmiyyətdə inklüzivliyin mövcudluğu inklüziv mədəniyyətin yaradılmasından, inklüziv siyasətin inkişaf etdirilməsindən və inklüziv təcrübənin tətbiq edilməsindən də asılıdır.”

F. Qurbanov bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. Dövlət Proqramı çərçivəsində hazırda 12 məktəbdə inklüziv təhsil üzrə pilot layihə icra edilməkdədir. Həmin məktəblərdə inklüziv mühitin yaradılması üçün infrastruktur uyğunlaşdırılıb və müəllim heyəti inklüziv təhsil üzrə təlimlərə cəlb edilib. İnklüziv təhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Təhsil nazirinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda 2021-2022-ci tədris ilində 12 min 562 nəfər xüsusi təhsilə cəlb olunub. Onlardan 157-si inklüziv təhsilə, 8456 nəfər evdə təhsilə cəlb edilib. Hazırda Təhsil Nazirliyi hökumət təşkilatları, beynəlxalq fondlar, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ümumi təhsil pilləsində inklüziv təhsilin genişləndirilməsi, müəllim hazırlığı istiqamətində fəaliyyətlərini davam etdirir. F.Qurbanov çıxışının sonunda konfransın işinə uğurlar arzu etdi.

Sonra çıxış edən Azərbaycan Respublikası Təhsil Institutunun direktoru Rüfət Əzizov “Kurrikulumda inklüziv təhsil yanaşmaları” məruzəsində bildirmişdir ki, inklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. 

Plenar iclası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə inklüziyası üçün ailə dəstək xidmətləri” və “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova “Azərbaycanda autizm spektrlı uşaqlarla iş: autizm mərkəzinin fəaliyyəti” mövzularındakı çıxışları və dəyərli müzakirələri ilə davam etdiriblər.

Plenar iclasın bədii hissəsində ilk öncə Konfrans çərçivəsində keçirilən tədbirlərin video çarxı nümayiş olundu. Sonra Autizmli gənclərdən ibarət olan “Birgə və sağlam İctimai Birliyinin” Bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi Mavi ürəklər-xor və ritm qrupun ifasında "Sən ey uşaqlıq", "Mehriban ailəyik" "Məhəbbət çırağı" və "Ey həyat sən nə qəribəsən" mahnıları, qrupun solistləri Kənan Məmmədovun ifasında "Ala gözlüm", Ayxan Quluzadənin ifasında isə "Küçələrə su səpmişəm" mahnıları təqdim edilmişdir. Autizm spektrlı uşaqların təqdimatında musiqi proqramı Konfrans iştirakçıları və qonaqlara xoş duyğular yaşatdı. ASAN xidmət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Uşaq psixososial Mərkəzin rəhbərliyi tərəfindən “Mavi ürəklər” xor və ritm qrupunun üzvlərinə hədiyyələr təqdim edildi. Tədbirin coffe-breyk hissəsində konfrans iştirakçıları “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kaşalata” kafesində hazırlanan müxtəlif təamları dadmışdırlar.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə davam etdirib. Bölmələrdə 140-a yaxın məruzə dinlənilib.

Məlumat üçün bildiririk ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfrans və Ümümdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində BSU-da keçirilən bir sıra tədbirlər keçirilmişdir. İlk öncə 1-15 aprel 2022-ci il tarixinədək BSU-nun rəsmi loqoları autizmlə məlumatlandırmaya dəstək olmaq və inklüzivliyi təşviq etmək məqsədilə autizmi ehtiva edən uşaq əli işarəsi ilə əhatələnmişdir. 12 – 14 aprel 2022-ci il tarixlərində isə “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin üzvü olan, 25 sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi hazırlanmış 3 inklüziv otaqda (pozitiv düşüncə, yaradıcılıq emalatxanası, playboom) müxtəlif korreksiyaedici məşğələlələr və inkişafetdirici oyunlar keçirilmiş, moda nümayişi, rəqs və əyləncəli proqram təşkil edilmiş, autizm sindromlu uşaqların təqdimatında “Tıq-tıq xanım” nağılı nümayiş olunmuş və onların əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil edilmişdir.