BSU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı keçirilib

      

   

   

Dekabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) üzrə ərazi partiya təşkilatı universitetin tələbələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışı keçirib. Bilik yarışında BSU-nun tələbələrindən ibarət 6 komanda-“Zəfər”, “Qələbə”, “44 gün”, “Dəmir yumruq”, “Qarabağ”, “Xarıbülbül” iştirak edib.Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərini təbliğ etməkdir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   

   

   

BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıbAnar Nağıyev deyib: “Hər bir xalqın tarixində öz xalqının dəstəyini alan böyük liderləri olur. Azərbaycan xalqının belə böyük tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevdir. Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ulu Öndərimiz var”.

BSU-nun rektoru səlahiyyətlərini icra edən Anar Nağıyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi böyük xidmətlərdən biri də ölkəmiz üçün yüksəkixtisaslı kadrların hazırlanmasının təməlinin qoyulmasıdır. Azərbaycanın müasir inkişafının əsası müdrik və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub . Xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində Böyük Zəfər qazanmasında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük rol oynadı. Azərbaycanın milli ruhlu, vətənpərvər gəncliyi dövlət başçımız İlham Əliyevin hakimiyyəti dövründə yetişdi. Bu milli məfkurəyə malik, vətənpərvər gəncliyin yetişməsində təhsil işçilərinin mühüm xidmətləri var.

Tədbirdə YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə partiya təşkilatının Gənclər Birliyinin hazırladığı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib..

Bilik yarışında “Zəfər” komandası I yerə layiq görülüb. Bilik yarışında qalib gəlmiş komandaya kubok, bütün komandaların üzvlərinə isə təşəkkürnamə təqdim edilib.

YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi partiya təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova bilik yarışında iştirak edənlərə təşəkkür edib və yarışın qaliblərinə daha böyük nailiyyətlər arzulayıb.