Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olanların siyahısı “Abituriyent” jurnalında dərc olunacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu nömrəsində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə "Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri bu gün elan olunub. Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.