Bakı Slavyan Universitetinin şəhid ailələrinin üzvləri"Qarabağ müharibəsi qəhrəmanları" Fondunun açılış mərasimində iştirak ediblər

         

Xəbər verildiyi kimi, iyunun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Qarabağ  müharibəsi qəhrəmanları" Fondunun açılış mərasimi keçirilib. Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan Fondun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. “Qarabağ müharibəsi qəhrəmanları” Fondu kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz iz qoyan, adlarını xalqımızın şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq. Fondda birinci və ikinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. 

 Mərasimdə Bakı Slavyan Universitetinin (BSU) şəhid ailələrinin üzvləri, universitetin tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunu,"YAŞAT" Fondunun və"Davam" Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyev də iştirak ediblər.Qeyd edək ki, dosent Xanım Sultanova Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Heydər Həmidovun və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Anar Məmmədovun ailə üzvüdür.

Tədbirdə çıxış edən dosent Xanım Sultanova şəhid ailələrinə, müharibə iştirakçılarına, məcburi köçkün soydaşlarımıza və bu qəbildən olan bütün vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.Qeyd edib ki, dövlət başçımız cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş,vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 min 349 hərbçinin orden və medallarla təltif edilməsi ölkə rəhbərliyinin Vətənimizin müdafiəsində dayanan igid oğullarımıza verdiyi yüksək qiymətin növbəti əyani təzahürüdür.

Dosent Xanım Sultanova çıxışında həmçinin Fondun yaradılmasına görə MEK-in baş direktoru, professor Məmməd Əliyevə və şəhid polkovnik Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı, Fondun rəhbəri Röksanə Səfərzadəyə təşəkkür edib.

Çıxışında həm də təmsil etdiyi BSU-nun şəhid məzunları haqqında məlumat verən prorektor Xanım Sultanova bildirib ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. BSU-nun 3 məzunu- Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları daim onların xatirəsini əziz tutur. BSU-da şəhid soydaşlarımızla bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur.BSU-da təhsil alan və  şəhid ailələrinin üzvləri olan tələbə-gənclər   daim universitet  rəhbərliyinin,bütün professor-müəllim heyətinin  xüsusi diqqət və qayğısını  hiss edirlər.

Azərbaycanın Milli Qəhrəmanı,şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev çıxış edərək şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri və Fondun yaradılmasını yüksək qiymətləndirib.

 

                                                             Mətbuat və informasiya şöbəsi