Qarabağ müharibələri və Azərbaycan xalqının mənəvi dəyərlərinin təzahürü

“Əziz Şuşa, sən azadsan!

Əsiz Şuşa biz gəlmişik!

Əziz Şuşa biz səni dirçəldəcəyik!”

Ali Baş Komandan İlham Əliyev

 

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ müharibələri zamanı “torpaq”, “vətən”, “bayraq”, “igidlik”, “vətənpərvərlik”, “dostluq”, “milli həmrəylik” və s. kimi dəyərlərin xalqın dünyagörüşü və mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunun bir daha şahidi olduq. Milli-mənəvi dəyərlərimiz sistemində mühüm yer tutan bu dəyərlər xalqın tarixən formalaşmış dünyagörüşünü, xarakterik xüsusiyyətlərini, dövlətçilik ənənələrini özündə əks etdirir.

Qarabağ müharibələrində əsgər və zabitlərimiz işğal altında olan hər bir təpənin, kəndin, dağın, meşənin, şəhərin işğaldan azad edilməsini özlərinin müqəddəs borcu hesab edirdilər. Əsgər və zabitlərin İkinci Qarabağ Vətən müharibəsinin gedişində azad edilmiş Vətən torpağını öpmək, həmin torpaqdan götürüb vəfat etmiş yaxınlarının qəbri üstünə tökmək də tarixən xalqın dünyagörüşündə Torpağın, Vətənin müqəddəsliyi inancı ilə bağlıdır. “Şəhidlərin ruhları şəhid düşdüyü yerlərdədir”, “Şəhidin qanıyla sulanan torpaq Vətəndir”  kimi ifadələr xalqın el-oba deyimlərinə çevrilib.

Bütün bu dəyərlər xalqın atalar sözlərində də öz əksini tapmışdır. Məsələn, “Vətənsiz yaşamaq ölümə bərabərdir”; “Gözsüz yaşamaq olar, Vətənsiz yox”; “Vətənə arxa olmayan, evinə dayaq olmaz” və s.  Atalar sözlərindən də göründüyü kimi, xalqın dünyagörüşündə Vətən müqəddəsdir və Vətəni qorumaq hər bir insanın borcudur.

Qarabağ müharibələrində əsgər və zabitlərin qəhrəmancasına düşmənə qarşı döyüş əzmi yuxarıda deyilən fikirləri bir daha sübut edir. Döyüşə gedən hər bir əsgər və zabit üçün Vətən torpağının işğaldan azad edilməsi şərəfli iş və qeyrət məsələsi idi. Lerik rayonunun Saldaş kəndindən olan Ənibəy qazi Dadaşov döyüşdə əsas məqsədi haqqında deyir: “Məqsədim Xocalının, ümumilikdə Qarabağın, eləcə də ermənilər tərəfindən öldürülmüş, əsir götürülmüş gəlinlərimizin, uşaqlarımızın, qocalarımızın, seyidlərimizin qisasını almaq idi”. Vətən müharibəsində könüllü iştirak edən Füzuli döyüşlərində ağır yaralanmış qazi Elvin Abbaszadə də müharibəyə könüllü getməsinin əsas səbəbini Xocalının qisasını almaqda görür: “Müəllimlərim məktəbdə Xocalıda ermənilərin törətdikləri soyqırım haqqında çox məlumat verirdilər. Müharibədə şəhid olacağımı göz önünə almışdım. Lakin Xocalının intiqamını almaq üçün vuruşmaq lazım idi. Müharibənin ilk günündən orduda ruh yüksəkliyi, hər gün torpaqlarımızın işğaldan azad edilməsi xəbərləri, Ali Baş Komandanın xalqı milli həmrəyliyə çağırması qələbəyə ümidimi daha da artırdı. Döyüşdə ağır yaralansam da, torpaqlarımızın erməni işğalından azad edilməsində iştirak etdiyimə görə qürur duyuram. Digər hərbçilərin də “Vətən torpağının qədrini bilməyən kişi ailəsinin də qədrini bilməz!”, “Neçə illərdir ki, torpaqlarımızın erməni işğalı altında olmasını qeyrətimə sıxışdırmırdım” kimi fikirləri Azərbaycan xalqının hər bir nümayəndəsi üçün işğal altında olan torpaqların azad edilməsinin Qarabağ müharibələrində şəhid olmuş, əsir götürülmüş hərbiçilər və dinc əhali, eləcə də gələcək nəsillər qarşısında qeyrət, namus və borc məsələsi olduğu nəticəsinə gəlməyə imkan verir. Azərbaycan vətəndaşı olan hər bir xalqın, etnik qrupların nümayəndələri sosial şəbəkələrdə onların da Qarabağlı  olduqlarını yazırdılar.    

Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabit Şuşanın erməni işğalından azad edilməsində iştirakı özünə borc və müqəddəs missiya hesab edirdi. Vətən müharibəsində istər əsgər və zabitlər, istərsə də arxa cəbhədə olan Azərbaycan vətəndaşları “Şuşa namus, qeyrət simvoludur!” şüarını dəfələrlə irəli sürmüşlər.

Xalqın mədəniyyəti, ədəbiyyatı, milli-mədəni identikliyi Şuşa ilə bağlıdır. Azərbaycanın mədəni irsi olan Şuşa Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin, Mir Mövsüm Nəvvabın, Hacı Hüsünün, Bülbülcanın, Mirzə Sadıqın (Sadıqcan), Nəcəf bəy Vəzirovun, Cabbar Qaryağdıoğlunun, Ceyhun Hacıbəyli və Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət xadimlərinin Vətənidir.

Hər bir azərbaycanlı üçün torpaqlarımızın erməni işğalından azad edilməsi  namus, qeyrət məsələsi, Qarabağ müharibələrində əsir düşənlərin, ən əsası isə, şəhidlərin ruhları qarşısında bir namus borcu idi. Beləliklə, tarixən bu kimi məsələlər müəyyən şəhər və kəndlərin xalqın dəyərlər sistemində müqəddəs torpaq kimi yer tutmasında müəyyən rol oynamışdır.    

Əsgər və zabitlərin “Döyüş zamanı irəlilədikcə torpaq bizi çağrırdı”, “Şuşaya daxil olduqda əyilib yeri öpdüm, namaz qıldıq, torpağa səcdə etdim”, “şəhidlərdən gül iyi gəlirdi”, “Şəhidlərin üzündə gülüş var idi”, “Şəhidlərin üzündən nur yağırdı”, “Şəhidliyə sevinə sevinə ucaldılar” və s. dedikləri sözlər onların torpağa, Vətənə, şəhidliyə münasibəti ilə izah oluna bilər. Torpağa bu cür münasibət qədimdən azərbaycanlıların dünyagörüşündə dərin iz salmış torpaq-totem inancı ilə əlaqədardır.

Qazi Ənibəy Dadaşov: “Şuşa ətrafında yaralandım, Şuşa döyüşlərində iştirak edə bilmədim, buna görə özümü çox pis hiss edirəm. Şəhid olsaq da qalib olmağı düşünürdük. Məğlubiyyəti heç ağlımıza da gətirməmişik. Döyüşə can atırdıq, ruh yüksəkliyi ilə vuruşurduq. Çətin olsa da yaralı yoldaşlarımızı döyüş meydanında qoyub irəliləmirdik, özümüzlə aparırdıq. Yanımızda yoldaşlarımız şəhid olub, yaralanıb, istər-istəməz qorxu hissi olsa da daxilimizdə saxlamışıq, heç vaxt bildirməmişik ki, digər əsgərlərdə ruh yüksəkliyi olsun. Bayrağı üstümüzdə gəzdirirdik. Hansısa bir məntəqəyə bayraq sancanda qürur hissi duyurduq”. Burada biz xalqın xarakerik xüsusiyyətləri olan “qardaşlıq”, “dostluq”, “mərdlik” kimi dəyərlərin özünü göstərdiyinin şahidi oluruq.

Vətənin müqəddəsliyi, şəhit və qazilik anlayışlarına münasibət milli hisslər və milli ruh, eyni zamanda, müasir dövlətçiliyə sadiqliklə bağlıdır.

Azərbaycan xalqı əsrlər boyu tarixi yaddaşında dövlətçilik ənənələrini daim qoruyub saxlamışdır. Müasir dövrdə, əsasən də Qarabağ müharibələrində bayrağa verilən dəyər onun xalqın dövlətçilik atributu olması ilə də əlaqəlidir. Azərbaycan bayrağı üzərindəki aypara və səkkizguşəli ulduz türk xalqlarının dövlətçilik atributlarında yer almışdır. Vətən müharibəsi qazisi Ənibəy Dadaşov Azərbaycan bayrağı sizin üçün nə məna daşıyır sualına aşağıdakı kimi cavab vermişdi: “Bayraq mənim qururumdur, mənliyimdir, bayraq öz yurduma hakimliyimdir”. Ceyhun Nuruzadə, Azad Həsənov və digər hərbçilərimizin “Vətən torpağını işğaldan azad etmək mənim borcumdur”, “Torpağın qədrini bilməyən insan ailəsinin də qədrini bilməz”, “Biz haq yolu uğrunda vuruşuruq”, “Bayraq dövlətçilik rəmzidir!” kimi düşüncələrlə müharibəyə getmələri gənclərin dəyərlər sistemində “Vətən sevgisi”, “dostluq”, “həmrəylik”, “dövlətçilik” kimi dəyərlərin xüsusi yer tutduğunu göstərir.

2020-ci il noyabr ayının 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdama səfərləri zamanı Ali Baş Komandanın Azərbaycanın üçrəngli bayrağını qaldırması xalq tərəfindən fəxrlə və böyük sevinclə qarşılandı. Bayrağı qaldıran, azad edilmiş yüksəkliklərə, şəhər və kəndlərə sancan zabit və əsgərlər xalqın sevimlisinə, qəhrəmanına, qürur mənbəyinə çevrildi. Burada bayraq Vətəni, torpağı, yurdu, dövlətçiliyi təmsil edən rəmz olaraq xalqın mənəvi dəyəri kimi çıxış edir.

Bayrağın, Vətən torpağının müqəddəsliyi Ali Baş Komandan İlham Əliyevin çıxışlarında da dəfələrlə diqqətə çarpır. 2020-ci il noyabr ayının 8-də Ali Baş Komandan Şəhidlər xiyabanında Şuşanın azad edilməsi xəbərini xalqa elan edilməsi müjdəsini verərkən demişdi: “Əziz Şuşa, sən azadsan! Əsiz Şuşa biz gəlmişik! Əziz Şuşa biz səni dirçəldəcəyik!”. Ali Baş Komandan 2021-ci il yanvar ayının 15-də Şuşada hərbçilər qarşısında çıxışında da torpağa, Vətənə bu cür münasibət öz əksini tapmışdır: “Müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm: Biz bu torpaqlarda əbədi yaşayacayıq! Biz Şuşanı və bütün dağıdılmış başqa şəhər və kəndlərimizi bərpa edəcəyik! Bütün dağıdılmış tarixi abidələrimizi bərpa edəcəyik!”

Şəhidlərin ruhuna hörmət əlaməti olaraq 2020-ci 31 dekabrda rəsmi olaraq Yeni il şənliyi keçirilmədi. Bu, Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin daha da möhkəmləndiyini göstərir. Milli ruhda, xalq qəhrəmanları nümunəsində təhsil və tərbiyə hərbiçilərin Vətən sevgisində, torpaq uğrunda mübarizədə şəhidliyi göz önünə almasına, döyüşdə igidlik göstərməsində mühüm rol oynamışdır.

Qarabağ müharibələri zamanı Azərbaycan qadınının mərdliyi,  vətənpərvərliyi xüsusi diqqəti çəkir. Qazi Ənibəy Dadaşov “Bizim kənddə (Saldaş kəndi) oğlu müharibədə iştirak etməyən ana utanar” deməsi Azərbaycan qadınının mərdliyini, vətənpərvərliyini bir daha sübut edir. İstər iki oğlunu müharibəyə yola salan Ana, istərsə də əsgər və zabitlərə yardım edən tibb işçiləri böyük dözüm və mərdlik göstərdilər. Gənc nəslin “torpaq”, “Vətən”, “bayraq” kimi dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının rolu böyükdür. Azərbaycanın hər bir vətəndaşının düşüncəsində “Vətən – Anadır!”, “Ana Torpaq!” ifadələri vətənin ana və torpaq ilə eyniləşdirildiyini göstərir.

Qəhrəmanlıq dastanları ilə tərbiyə olunan azərbaycanlıların mənəvi dəyələrində mərdlik, igidlik, vətənpərvərlik, torpağa məhəbbət kimi dəyərlər nəsildən-nəsilə ötürülür, düşmənə, yadellilərə qarşı mübarizə əhval-ruhiyyəsini yüksəldir. Bura “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”  kimi xalq qəhrəmanlıq dastanları daxildir. Bu tip dastanlarda xalqın dünyagörüşü, mənəvi dəyərləri əks olunur. Qəhrəmanlıq dastanları üçün şeirlərin müəyyən hava ilə oxunması, saz, söz və şeir üçlüyü xarakterikdir. Tarixən formalaşmış bu ənənə müasir dövrdə, İkinci Qarabağ müharibəsində də müşahidə olundu. Döyüşə gedən əsgər və zabitlərin ruh yüksəkliyi üçün qəhrəmanlığı, qələbəyə inamı, vətənpərvərliyi əks etdirən mahnılar oxumaları buna sübut ola bilər. Əsgər və zabitlərin döyüş zamanı oxuduqları mahnılar xalq arasında daha da məşhurlaşdı, bəziləri dastana döndü. Məsələn, Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Xudayar Yusifzadənin döyuş yoldaşlarını ruhlandırmaq üçün oxuduğu Vahidin “Vətən yaxşıdır” mahnısı KİV-də yayıldı. Xudayarın ifasında bu mahnı xalq tərəfindən döyüş əzmini, Vətən sevgisini, şəhidliyi təcəssüm etdirən bir rəmzə çevrildi. Hətta mahnının müəllifi, xanəndə Əlibaba Məmmədov həmin mahnını “Xudayar təsnifi” adlandırdığını bildirdi.

Qəhrəmanın şərəfinə abidə ucaldılması adəti qədim türklərdə də var idi. Bununla da onun xatirəsi əbədiləşirdi, eyni zamanda, gələcək nəsillərdə qəhrəmanlıq, mərdlik, igidlik kimi keyfiyyətlər tərbiyə edilirdi. Məsələn, XI-XII  əsrlərdə Dəsti-Qıpçaq bölgəsində Oğuz və Qıpçaq türklərində kişi və bəzən də qadın pəhləvanlara aid daş heykəllər vardır. Xudayar obrazı İkinci Qarabağ müharibəsinin bütün şəhidlərinin və qazilərinin ümumiləşdirilmiş obrazı kimi qəbul olunur. Müharibədə baş verənlər əsasında xalq qəhrəmanları haqqında dastanların necə yarandığını, onların şərəfinə abidələrin ucaldıldığını, mahnılar qoşulduğunu, mahnıların mənəvi dəyərlər sistemində möhkəmləndiyini müşahidə etmək olar.

Qarabağ müharibələri zamanı igidlik göstərmiş, eləcə də şəhid olmuş zabit və əsgərlər – general-mayor Polad Həşimov, Mübariz İbrahimov, Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə və digərlərinin şücaətləri, eləcə də ön cəbhədə yüksək rütbəli zabitlərin iştirakı da əsgərlər arasında ruh yüksəkliyi yaratdı və onlar xalqın  qəhrəmanları oldular.

Xalqın qəhrəmanlara, şəhidlərə münasibəti yeni doğulmuş uşaqlara onların adlarının verilməsi ilə də özünü göstərir. Qarabağın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhid əsgər və zabitlərin adlarının yeni doğulmuş uşaqlara qoyulması onların artıq xalqın milli qəhrəmanı olduğunu göstərir. Məsələn, 2020-ci il ərzində ən çox  məşhurlaşan ad Polad adı oldu.  

Beləliklə, xalqın əsirlərlə formalaşmış mənəvi dəyərləri tarixin müxtəlif mərhələlərdə xalq üçün mühüm əhəmiyyət kəsb edən hadisələr zamanı xalqın davranışında, düşüncələrində, dəyərlərində özünü göstərir və eləcə də həmin dövrün tələblərinə müvafiq olaraq zənginləşir. Müasir dövrdə azərbaycanlıların Vətən, Torpaq sevgisi, Şəhidliyə münasibəti tarixi yaddaşa, kollektiv yaddaşa, adət-ənənələrə əsaslanan dünyagörüşü, eləcə də dövlət siyasəti öz təsirini göstərmişdir.

 

Şəhla Nuruzadə,
Bakı Slavyan Universitetinin dosenti