Atam Zəfərimizdə yaşayır

   

   

“Artilleriyanın atası”, əsgərindən öncə döyüşə atılan komandir və bitməyəcək İlqar Mirzəyev nisgili…

 

“Bəzən bir baxışımızla nə demək istədiyimizi bilər, həmişə zarafatlaşar, deyib gülərdik. Ən xoşbəxt günlərimiz, ata yanımıza gələndə olardı. Onsuz çox darıxıram... Tamam fərqli insan idi...”

... Söhbətə çətinliklə başladı. Hiss olunurdu ki, atası barədə danışmağa məmnuniyyətlə razılıq versə də, bunu etmək elə də asan deyil...

“Şəhid övladı” layihəsində həmsöhbətimiz 2020-ci il iyul döyüşlərində ön xətdə şəhid olan polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevdir. O, 1999-cu ildə anadan olub, hazırda BSU-da IV kursda təhsil alır, həm də “Yaşat” fondunun əməkdaşıdır.

 

Həyat qəhrəmanı

 

Ailəni dörd möhkəm sütun üzərində dayanmış tikiliyə bənzətsək, onun dayanıqlığı həmin o sütunlardan asılıdır təsəvvürü yaranır. O da var ki, sütunlar özləri hansı bünövrədən güc alır...

Həyatımızda rast gəldiyimiz misallar var - bəzən o sütunlardan biri, bəlkə də əsası tərk edir mövqeyini... Əgər qalan üç sütun binanı eyni səviyyədə dayanıqlı saxlaya bilirsə, demək bünövrə düzgün olub. Biri o birindən asılı olmayıb, hər biri güclü təməl üstündədir.

Şəhidlərin ailələri də əsasən belə özüllü binlara bənzəyir, əsas sütunsuz da möhkəm dayanır. Demək, ailə başçısı yalnız müharibə qəhrəmanı deyil, həm də həyat qəhrəmanıdır. Sadəcə qəhrəmandır...

Elvin danışdıqca adamın xəyalı onun verdiyi süjet xətti ətrafında beləcə dolanıb qayıdır. O, indi tamam fərqli dünyadadır - atalı dünyada...

 

Qan qusdurdu düşmənə, od yağdırdı başlarına…

 

- Atam çox səmimi, savadlı, tədbirli adam, əsl hərbçi idi. Hələ saymadığım neçə gözəl xüsusiyyətlər onda cəmlənmişdi. Dürüst adam idi, uşaqla uşaq, böyüklə böyük... Hər kəs onu çox istəyirdi. Hər Bakıya gələndə qohum əqraba, dost-tanış onu qonaq çağırar və yaxud bizə toplaşardılar.

Atamla dost idik. Onu çox az görərdik. Düzdür, bütün asudə vaxtını bizimlə keçirirdi, amma zabitin asudə vaxtı az olur axı... Bəzən adamlar təskinlik verirlər ki, fəxr et, atan şəhiddir. Əlbəttə fəxr edirəm, ancaq onunla bağlı xatirələr, keçirdiyimiz günlər, danışıqları, gülüşü, səmimi söhbətləri yadıma düşdükcə, gözlərim önündə canlandıqca çox çətin olur, darıxıram...

Danışır, hiss edirsən ki, dedikləri gözləri qarşısında həm də canlanır. Başını aşağı salıb danışsa da, hərdən gözlərini qaldırıb başımızın üstündən uzaqlara baxır, doluxmuş gözləri parıldayır. Atasını qarşısında görürmüş kimi... “Niyə ona artilleriyanın atası deyirdilər” - sualı ilə xəyallarından ayırmalı oluruq.

- Aprel döyüşlərindən sonra belə deməyə başladılar. Döyüşlərdə göstərdiyi şücaətə və ixtisasını mükəmməl bildiyinə görə... Hələ də hərbçi dostları deyirlər ki, onun kimi peşəkar artilleriyaçının yetişməsi çox zaman tələb edir. Eyni qəhrəmanlığı ölümünə qədər göstərdi, qan qusdurdu düşmənə, od yağdırdı başlarına...

 

İdeal insan idi

 

“Atanı nə vaxtdan tanımağa başladın” sualı onun üçün gözlənilməz olmadı. Dərhal “sanki 100 illərdi tanıyırdım onu”, - dedi...

- Çox gec-gec görürdük onu, bayramlarda, tətillərdə biz gedərdik onun yanına çox vaxt... O da vaxt tapan kimi bizi xidmət etdiyi yerlərdə görməli, mənzərəli yerlərə aparırdı. Bizdən ayrılmaq istəmirdi.

Əyləncəli, maraqlı, ən xoş anlarımız həmin günlər olardı. Həyatda hər şeyi ondan öyrənmişəm. Vətənpərvərlik, cəsurluq, mərdlik, savadlı olmaq... Tarixi, fizikanı, riyaziyyatı çox sevirdi. Deyirdi qalan bütün elmlərin açarı dəqiq elmlərdədir. Yəqin artilleriyaçı olduğuna görə də dəqiq elmləri daha çox sevirdi. Mən isə daha çox humanitar fənlərlə maraqlanırdım.

İdeal insan idi. İstənilən mövzuda müzakirələrimiz olurdu. Çox savadlı idi, hansı mövzuda söhbət olsa, o haqda maraqlı fikirləri olurdu. Müzakirə vaxtı mükəmməl dinləmək bacarığı vardı. Mən bəzən çox danışardım bildiyim mövzuda. Atam isə yorulmadan dinləyərdi. Həyatsevər idi, şən, eyni zamanda çox ciddi...

Əsl hərbçi siması vardı. Öz peşəsinə, işinə məsuliyyətsiz yanaşan insanları xoşlamazdı. Xüsusən də əgər o insan hərbçidirsə... Bacardığını, bildiyini öyrədərdi əsgərlərə, zabitlərə... Yaxşı müəllim idi. Savadına, öyrətmə qabiliyyətinə görə əsgərdən tutmuş yüksəkrütbəli zabitlərə kimi hər kəs ona hörmət edərdi. Atam çox bədii dildə danışardı, bütün mədəniyyətli insanlar kimi... Səliqəli adam idi.

Yaxşı xüsusiyyətləri var idi, danışdıqca bitməz. 4 dil bilirdi, bizə də deyərdi ki, dil öyrənin, nə qədər dil bilsən, o qədər insansan. Mənə hər zaman deyərdi ki, Elvin, hərbçinin işi həkiminkindən daha çətin və məsuliyyətlidir. Soruşurdum niyə? Deyərdi həkimin səhvi ilə bir insan, hərbçinin bir səhvi ilə isə bir neçə insan həyatını itirə bilər. Buna görə də, hərbçi gərək daha dəqiq olsun.

Seçdiyim ixtisas üzrə peşəkar olmağımı istəyirdi. Olacağam, ona söz vermişəm. O kənarda olsa belə, həmişə yanımda hiss edərdim onu, indi də elədir. O vaxtlar davranışıma baxıb, əlini kürəyimə vurub deyərdi, səninlə qürur duyuram, aslan oğlum. Bacıma da eyni münasibəti vardı. Heç vaxt bizim aramızda fərq qoymadı. Onun qadına münasibətini anama, bacıma münasibətindən bilirdim. Çox həssas yanaşırdı...

 

O günü, taleyi dəyişmək üçün nələr verməzdim…

 

- O hərb üçün yaranmışdı. Atamın hər kəlməsi mənim üçün önəmli olub, böyük əhəmiyyət kəsb edib. Hər zaman mənim qərarlarımla razılaşardı. Heç vaxt istəklərimə, qərarlarıma zidd getməzdi. Bizi ərköyün böyüdürdü. Qoymazdı bir an belə çətinliyə düşək.

Son dəfə onunla görüntülü danışmışdıq. Heç vaxt unutmayacam o günü. İyunun 11-i idi. Səhəri gün döyüşlər başladı. Dərslərim barədə soruşdu. Xeyli danışdıq, amma çox yorğun görünürdü. Bilirdim atamın işini, fərqində idim. Ancaq bizdə elə təəssürat yaratmışdı ki, ona heç nə olmaz, sanki bizim üçün o ölümsüz idi. Həmin ayın 13-ü gecə heç demək olar ki, yatmadım. Nə isə narahat idim, gözüm telefonda idi, xəbərləri izləyirdim. Səhəri bəd xəbər gəldi. Onu dostum xəbər verdi mənə. Dünya başıma yıxıldı. İnanmağım gəlmirdi. Aləm dəydi bir-birinə... Elə bilirdim yuxudu, oyanmaq istəyirdim. O günü, taleyi dəyişmək üçün nələr verməzdim...

 

Atamın qisası alındı

 

Elvin Mirzəyev indi atasının yarımçıq qalan yolunu davam etdirir. “Yaşat” fondunda şəhid ailələrinə və qazilərə xidmət göstərir. Hər gün onlarla özü kimi şəhid övladları-həmdərdliləri ilə ünsiyyətdə olur. Dərdi bir idisə, ikiyə, üçə vurulur, amma təsəllisi odur ki, onlara bacardıqca kömək edə bilir.

- Atam üçün çox darıxacam, onu çox axtaracam, hər zaman səsləyəcəm və köməyə çağıracam. Qürurluyam və atamın bütün arzularını yerinə yetirəcəyimə əminəm. Mənə nə demişdisə, onu edəcəm. Ən əsası onun adını hər zaman uca tutacam, hər zaman adını yaşadacam. Gözlərim qarşısında atamın iri bir portreti əbədi asılıb. Zəhmli, eyni zamanda mülayim, gülərüz...

Atam haqqında çox danışa bilərəm. Ölümü hamını sarsıtdı. Bir əsgəri deyirdi ki, Aprel döyüşlərində hərbi hissə komandiri İlqar Mirzəyev əsgərlərlə birlikdə topa mərmi yükləyib atırdı. Bir əsgəri deyirdi ki, İlqar Mirzəyev bizdən qarşıda irəliləyib, “arxamca gəlin, nə olsa birinci mənə olsun” - deyirdi. Belə adam idi atam, ali insan, peşəkar zabit...

Amma böyük təskinliyim var: atamın qisası alındı, atam Zəfərimizdə yaşayır...

Elvin Mirzəyevlər çoxdur bugünkü reallığımızda. Tale kiçikli-böyüklü onların çiyinlərinə elə bir ağır məsuliyyət qoyub ki, daşımağa yaşları çatmasa da, gücləri çatacaq. Bu gücü onlara şəhid atalarının ruhu, bir də bizlər verəcəyik, onları sevən, dəstək olan, öz balalarımızdan ayırmayanlar...

Nə yaxşı ki, şəhidlərimizin ruhu qarşısında üzümüz ağdır, Qarabağ azaddır...

 

Ramilə QURBANLI,

“Azərbaycan”