Bakı Slavyan Universiteti Elmi Şurasının onlayn formada növbəti iclası keçirilib

   

Martın 9-da Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının onlayn formada növbəti iclası keçirilib. BSU-nun rektoru, Elmi Şuranın sədri, professor Nurlana Əliyeva iclasda əvvəlcə universitetin professor-müəllim heyətini və tələbə kollektivini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib,onlara ən xoş,ən gözəl arzu və diləklərini çatdırıb. Rektor Nurlana Əliyeva eyni zamanda Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının dosenti Zina Məcidovanı 75 illik yubileyi, Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Tamilla Məhərrəmovanı 80 illik yubileyi münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətlərində böyük nailiyyətlər arzulayıb.

Məlumat üçün qeyd edək ki, dosent Zina Məcidova və dosent Tamilla Məhərrəmova yubileyləri münasibətilə və universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiklərinə görə BSU-nun təşəkkürnaməsi və Həmkarlar İttifaqı Komitəsinin mükafatı ilə təltif ediliblər.

Rektor Nurlana Əliyeva həmçinin çıxışında tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanovanın səmərəli elmi-pedaqoji fəaliyyətinə və tələbə-gənclərlə işin təşkilində xidmətlərinə görə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilməsi barədə məlumat verib, ona gələcək elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni naliliyyətlər arzulayıb.

Elmi Şuranın iclasında  Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərova Təhsil Nazirliyi tərəfindən icra olunan təhsil sisteminin elektronlaşdırılması layihələrində BSU üzrə məlumat-informasiya bazalarının formalaşdırılması və Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin yoxlaması barədə təqdimatla çıxış edib.

İclasda fakültə dekanlarının və ümumuniversitet kafedralarının yaz tədris semestrində distant təhsilə nəzarətin vəziyyəti barədə məlumatları dinlənilib.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov,Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov,  Magistratura şöbəsinin müdiri,dosent Sevinc Abışova, Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Suğra Mərdanova, fakültə dekanları bakalavriat və magistratura səviyyələrində sonuncu tədris ili tələbələrinin təcrübəsinin təşkili haqqında, 2020-2021-ci tədris ilində məzunların Yekun Dövlət Attestasiyasına hazırlığı barədə, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, ixtisas kafedralarının müdirləri, professor əvəzi Sevinc Rzayeva, professor Elçin Mehrəliyev "Regionşünaslıq" ixtisasında yeni istiqamətlər (Almaniya, Balkan ölkələri, Xəzəryanı ölkələr) üzrə tədris proqramlarının icrası vəziyyəti və tədris prosesinə xarici mütəxəssislərin cəlb olunması barədə çıxış ediblər.

Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov cari məsələlərin müzakirəsi zamanı dissertasiya mövzularının təsdiqi, tədris proqramları və dərs vəsaitlərinin çapa tövsiyə edilməsi barədə, baş mühasib Zemfira Aslanova tələbələrlə bağlanılmış müqavilələrə uyğun olaraq təhsil haqlarının ödəniş qrafikinə əməl olunmasının vacibliyi haqqında çıxış ediblər.

Sonda rektor Nurlana Əliyeva qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.

 

Mətbuat  və  informasiya şöbəsi