Bakı Slavyan Universiteti Elmi Şurasının onlayn formada iclası keçirilib

 

     Dekabrın 30-da Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının onlayn formada iclası keçirilib. Elmi Şuranın iclasında əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     BSU-nun rektoru,Elmi Şuranın sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva iclasda  universitetin kollektivini 31Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib,ən xoş arzu və diləklərini çatdırıb. Rektor Nurlana Əliyeva iclasda həmçinin professor Lidiya Qranovskayanı 85 illik yubileyi, professor Cahangir Məmmədovu 80 illik yubileyi, professor Elmira Rəhimovanı 75 illik yubileyi, professor Nizami Məmmədovu 70 illik yubileyi, professor İkram Qasımovu 70 illik yubileyi, dosent Kifayət Gözəlovanı 75 illik yubileyi, dosent Svetlana Əmirbəyovanı 75 illik yubileyi,   dosent Elşanə Ağasıyevanı 70 illik yubileyi, baş müəllim Lyudmila Talıbovanı 75 illik  yubileyi, baş müəllim Gülnarə Əhmədovanı 70 illik yubileyi, baş müəllim Elmira Aşurbəylini 70 illik yubileyi,baş müəllim Antonina Tretyakovanı 70 illik yubileyi, müəllim Mahmud Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib,onlara möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

     Qeyd edək ki, yuxarıda adları çəkilən əməkdaşlar yubileyləri münasibətilə və universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiklərinə görə BSU-nun təşəkkürnaməsi və Həmkarlar İttifaqı Komitəsinin mükafatı ilə təltif ediliblər.

     Sonra rektor Nurlana Əliyeva şəhid və qazi ailələrinə diqqət və yardımın göstərilməsi, Qarabağ abidələrinin bərpa olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış fondlara BSU-nun dəstəyi barədə geniş məlumat verib. Rektor qeyd edib ki, dövlət başçımız cənab İlham Əliyevin  müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna(“YAŞAT” Fondu) və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üçün həyata keçirilən layihəyə dəstək vermək bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

     Daha sonra rektor Nurlana Əliyeva təhsil naziri cənab Emin Əmrullayevin 11dekabr 2020-ci il tarixli F- 530 saylı əmrinə müvafiq olaraq universitetdə distant formada keçiriləcək payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və İmtahan Qərargahının yaradılması barədə danışaraq bu sahədə görüləcək işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

     Elmi Şuranın iclasında Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov, Magistratura şöbəsinin müdiri, dosent Sevinc Abışova yaz semestrinin imtahan sessiyası ərzində buraxılış ili bakalavrlarının pedaqoji və istehsalat təcrübəsinin, həmçinin magistrantların elmi-pedaqoji təcrübəsinin təşkilinə hazırlığın vəziyyəti və son 3 ildə universiteti bitirmiş məzunların işə qəbul edilmələri haqqında  məlumat veriblər.

     Elmi Şuranın iclasında Tərbiyə işləri üzrə prorektor,dosent Xanım Sultanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı BSU-nun tələbə-könüllülərinin son illər ərzində fəaliyyəti və qazandıqları çoxsaylı sanballı uğurlar haqqında təqdimat və hesabatla çıxış edib.

      Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov dissertasiya mövzusunun təsdiqi və mövzuya dəyişiklik edilməsi barədə məlumat verib.

     Sonda cari məsələlər müzakirə olunub və lazımi qərarlar qəbul edilib.

 

Mətbuat və informasiya şöbəsi