BSU-nun əməkdaşları “Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramı - HORİZON 2020” mövzusunda onlayn seminarda iştirak ediblər

     Bakı Slavyan Universitetinin (BSU) bir qrup əməkdaşı bu günlərdə Avropa İttifaqının “Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramı - HORİZON 2020” mövzusunda onlayn seminarda iştirak edib.

     Seminar BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun, universitetin İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayevanın və İbtidai təhsil kafedrasının nəzdində İnklüziv Təhsilə Dəstək Mərkəzinin işçi qrupunun təşkilatçılığı ilə baş tutub. Seminarın məruzəçisi Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri və HORİZON 2020 proqramının milli əlaqələndiricisi Arif Nəcimov olub. Seminar zamanı A.Nəcimov Avropa İttifaqının “Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramı - HORİZON 2020”, “H2020 - Green Deal”, “H2020 - Marie Skłodowska Curie Actions”, H2020 - COST (European Cooperation in Science and Technology)” proqramları haqqında ümumi məlumat, proqramdan faydalanmaq yolları, layihələrin hazırlanması və onlara qoyulan tələblər, büdcə və fəaliyyət planının təşkili, tərəfdaşların cəlb edilməsi və layihə konsorsiumuna qoşulmaq, həmçinin mövcud və gələcək layihə müsabiqələrində iştirak etməyin yollarını iştirakçılara təqdim edib.

     Sonra təqdimatın mövzuları ətrafında müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

     Seminarda BSU-nin İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, həmin kafedranın müəllimi Arzu Məmmədova, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri, dosent Nigar Sultanova, İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Əzizova iştirak ediblər.

     Dosent Aytəkin Axundova İbtidai təhsil kafedrasının nəzdində 2019-cu ildə təşkil olunmuş İnklüziv Təhsilə Dəstək Mərkəzinin gördüyü işlər və gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Dosent A.Axundova kafedra əməkdaşlarının, o cümlədən mərkəzin işçi qrupunun mütəmadi iştirak etdiyi yerli və beynəlxalq təlim və seminarlar haqqında danışaraq əlavə edib ki, mərkəzin işçi qrupu UNICEF-in Bakı Ofisi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə təşkil etdikləri tədbirlərdə də fəal iştirak edir. Ölkəmizdə inklüziv təhsilin inkişafına dəstək verəcək potensial kadrların hazırlanmasına öz töhfəsini verməkdə davam edir.

     BSU-nun Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri, dosent Nigar Sultanova çıxışında bildirib ki, İnklüziv Təhsil Mərkəzi fəaliyyətə başladığı müddət ərzində bir neçə yeni fənn proqramları da hazırlanıb, 2019-2020-ci tədris ilindən etibarən bu fənlərin keçirilməsinə başlanılıb. Həmin fənləri öyrənən tələbələr universitetdən məzun olduqdan sonra orta məktəblərdə həssas şagird qrupu ilə daha peşəkarcasına işləyə biləcəklər.

     İnklüziv Təhsilə Dəstək Mərkəzinin işçi qrupun üzvlərindən Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva, İbtidai təhsil kafedrasının müəllimi Arzu Məmmədova və Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Əzizova da inklüziv təhsilin inkişafına verilən töhfələrdən söz açıblar.

     İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva iştirakçılara Avropa İttifaqının maliyyələşdirdiyi, İspaniyanın Valensiya Politexnik Universitetinin koordinatorluğu ilə icra olunan və BSU-nun tərəfdaş qismində iştirak etdiyi “Azərbaycan universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi (PETRA)” Erasmus+ KA2 layihəsindən, layihə çərçivəsində görülən işlərdən və təşkil olununan laboratoriya haqqında ətraflı məlumat verib.    

     Seminarın sonunda BSU-nun İnklüziv Təhsilə Dəstək Mərkəzinin fəaliyyətinin aktivləşdirilməsi, müxtəlif layihələrin həm yerli, həm də beynəlxalq təşkilatların iştirakı ilə hazırlanması və bir neçə faydalı mövzular müzakirə olunub.

     Qeyd edək ki, BSU həm yerli tərəfdaş universitetlər, həm də xarici tərəfdaş universitetlər ilə birlikdə, nəinki HORİZON 2020, həmçinin Erasmus+ KA2 proqramının, müxtəlif səfirlik və beynəlxalq təşkilatların qrant proqramlarında da layihələr hazırlayıb icra etməkdə maraqlıdır, bu təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə işlər aparmaqdadır.

 

Mətbuat və informasiya şöbəsi