Etibar Babayev kimə həsəd aparardı?

İllər keçdikcə günorta əlində çıraq insan axtaran Diogeni daha yaxşı anlayırsan. Həyatın qürubları və günəşli günləri, uğurları və itkiləri, keçmiş və gələcək haqqında düşüncələrimiz bizi o qənaətə gətirir ki, insanın insana, cəmiyyətin isə əsl şəxsiyyətə ehtiyacı var. A.Şopenhauerin dediyi kimi, “ən böyük xoşbəxtlik – insandır.” Və inanın ki, ən böyük xoşbəxtlik həm də həyatınızı Tanrının qığılcımı ilə dolu olan insanlarla tanışlıq və dostluqla bəzəməkdir.

 

30 il bundan əvvəl  ürək yaddaşımın bir hissəsinə çevrilən, xüsusi mənəvi estetikası olan bir insanla tanış olmaq qismət oldu. Onun şəxsiyyəti özündə ən gözəl dəyərləri birləşdirir. Haqqında danışdığım şəxs Etibar Babayevdir.

 

O gündən xeyli vaxt keçsə də, bu gün də Bakı Şəhər Partiya Komitəsinə getdiyim isti yay gününü xatırlayıram. Yenicə universitet məzunu olmuşdum və o dövrün “Bakı”-“Баку” kimi tanınmış qəzetində işə başlamaq üçün təbliğat və təşviqat şöbəsinin müdiri ilə müsahibədən keçməli idim. Kommunist quruluşunda partiya rəhbərləri ilə gənc kadrlar arasında ünsiyyət kanonları çox sərt idi və bu səbəbdən özümü təkəbbürlü bir partiya məmuru ilə gərgin söhbətə hazırlamışdım.Amma həyat mənə sürpriz etdi və səmimi, peşəkar məsləhətləri, dərin düşüncələri ilə qəzetçi kimi karyera inkişafıma impuls verən cavan və eyni zamanda parlaq insanla– Etibar Babayevlə görüşdüm.Onda Xeyirxahlıq və İdrak nurunu gördüm və bu mənə sonrakı iş həyatımda – KİV-lərdə və icra hakimiyyəti orqanlarındakı vəzifələrimdə yol göstərdi. İllər keçirdi, biz eyni şəhərdə yaşayırdıq və hətta qonşu idik, amma yollarımız kəsişmirdi ki, kəsişmirdi.Yalnız ara-sıra  ictimai-siyasi tədbirlərdə görüşürdük və hər dəfə mən ona jurnalist fəaliyyətimə xeyir-dua verdiyinə görə təşəkkür edirdim.

 

Həyat insanı daim təəccübləndirir.Buna Etibar müəllimlə ilk tanışlıqdan əsrin dörddə biri qədər vaxt keçdikdən sonra əmin oldum. Onunla yollarımız nəhayət, 25 ildən sonra kəsişdi. Bu vaxt mən Bakı Slavyan Unversitetinə dərs deməyə dəvət olunmuşdum və bilmirdim ki, işə başlayacağım Jurnalistika kafedrasına Etibar Babayev rəhbərlik edir. Belə bir tanınmış şəxsiyyətlə, milli jurnalistikanın parlaq simalarından olan mütəxəssislə əməkdaşlıq sevinci gözəl idi.O vaxtdan bəri ətrafdakıların hər birini intellekti və dialektik mühakimələri ilə valeh edən şəxsiyyətlə ünsiyyətdən heyranam. Onun hər kəlməsi həmişə enerji gücü ilə zəngindir. Haqqında danışdığı uzaq keçmişdə baş vermiş  hadisələr belə, Etibar müəllimin təsvirində ibrətamiz hekayələrə çevrilir.

 

Bu gün Etibar Babayev yüksək səviyyəli media təşkilatçısı, yazıçı, ssenarist, alim, ictimai xadim, onlarla maraqlı kitabın, 30-dan çox sənədli filmin müəllifi, “Space” telekanalının və Milli telaradio akademiyasının yaradıcısı, “Azad Azərbaycan” teleradio şirkətinin bədii şurasının  sədri kimi tanınır.

 

Tərcümeyi-halının əhəmiyyətli hissəsini Sovet dövründə gənc yaşlarından tutduğu yüksək məsuliyyətli vəzifələr tutur. 25 yaşında  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçısı, 31 yaşında – Bakı Şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, 39 yaşında “Azərbaycantelefilm”in direktoru. Sovet dönəmində yaşamış insanlar üçün bunlar çox əhəmiyyətli faktlardır, çünki Sovet dövründə gənclərə nadir hallarda belə məsuliyyətli, ideoloji yönümlü yüksək vəzifələr etibar edilirdi.

 

Bu arada qeyd edim ki, onu geniş ictimaiyyət arasında hörmətli və populyar edən bu vəzifələri deyildi.SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının qurulması ərəfəsində Türkiyədən əsən azadlıq havasını televiziya ekranı vasitəsilə hər evə gətirən məhz Etibar Babayev oldu. Bu gün azərbaycanlıların göz bəbəyi Türkiyənin həmin illərdə ən qapalı və əlçatmaz ölkələrdən biri olduğuna inanmaq çətindir.Türk mahnılarını, kaset yazılarını çətinliklə əldə edirdik və bu bizim qardaş  ölkəyə yeganə çıxışımız idi. Bu, Sovet atmosferində, tamamilə yeni formatda hazırlanmış, Etibar Babayevin türk səhnəsinin ulduzları ilə canlı müsahibələrindən ibarət “Sözlü-nəğməli İstanbul” müəllif proqramları, yaxınlaşan dəyişiklik rüzgarının rəmzi idi. Televiziya ekranından tamaşaçılar tək adi jurnalisti deyil, Yeni Zamanın carçısını izləyirdilər.

 

Məhz bu paradiqmada Etibar müəllim yeni suveren Azərbaycan cəmiyyətinin inkişaf estetikasını daşıyan “Tələbə Klubu”, “Yeddinci Qitə”, “Kanal-6 Təqdimatlar” televiziya layihələrini yaratdı.

 

Etibar Babayevin şəxsiyyətinin özəlliyi yalnız yüksək keyfiyyətli təhsildə və böyük təcrübədə deyil, həm də  davamçısı olduğu dəyərli irsin özəyindədir. İnsanı Allahın ən böyük varlığı kimi qiymətləndirməyi ona anası Gülnar xanım və Azərbaycanın görkəmli şairi, atası Adil Babayev öyrədib. Ona görə də Etibar müəllim dostu, ailəni və öz mənəvi dünyasını qorumağı bacarır.

 

Bakı Slavyan Universitetinin professoru Etibar Babayev yüzlərlə gəncə dəyərli həyat dərsləri verib, onlara milli özgüvənlik, Vətənə məhəbbət, peşəkarlıqda məsuliyyət hissləri aşılayıb. Gənclər onunla ünsiyyətə can atır, onlar sevimli müəllimlərinin  söhbətlərində Zamana nəfəs verməsini dəyərləndirir. Azərbaycan jurnalistikasının ustadı onlara həyatdan zövq almağı və öz güclərinə inanmağı öyrədir.

 

70 illik yubileyinə qədəm qoyan Etibar Babayev həmişə zəngindir. Bu zənginlik nədədir? Həyatının hər yeni yaşına qatdığı ruh yüksəkliyində, zamanın önündə dayanmağında, milli maraqlara qulluq edən güclü layihələrində!  O, vicdanı və dünya ilə harmoniyada yaşayır və paxıllıq, qibtə kimi neqativ hisslərdən uzaq durur. Bəlkə o, bir kəsə həsəd aparardı. Bilirsiniz kimə? Yalnız 200 il ömür sürə biləcək bir insana?!.

 

Şəlalə Həsənova,

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, professor