Bakı Slavyan Universitetinin vətənpərvər məzunu

     Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində Bakı Slavyan Universitetinin (BSU) məzunları da fəal iştirak ediblər. Qeyd edək ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsinin ilk günlərindən mənfur düşmənlə ölüm-dirim mübarizəsinə atılıblar. Onlardan ağır və şiddətli döyüşlərdə yaralanan, müqəddəs şəhidlik zirvəsinə ucalanlar var. BSU-nun şəhid məzunlarından biri də Elnur Əli oğlu Allahverdizadədir.

     Məlumat üçün bildiririk ki, əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə BSU-nun Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib. Bu il sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayanda Elnur Allahverdizadə də minlərlə qeyrətli Azərbaycan gənci kimi Vətən uğrunda müharibəyə yollanıb. Xocavənd, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmişə öz fəallığı, cəsarəti ilə seçilib. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Elnur Allahverdizadə Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib. BSU-nun kollektivi həmişə onun xatirəsini əziz tutacaqdır.

     Allah rəhmət eləsin!

Mətbuat və informasiya şöbəsi