Vəzifə tutan şəxslər bilməlidirlər ki, dövlətin malını yemək, büdcəni talamaq olmaz

 

«Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Cəmiyyətimizdə korrupsiya və rüşvətxorluq olmamalıdır. Korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə daraldılır. Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin prioritet istiqamətlərini bir daha diqqətə çatdırdı və korrupsiya cinayətinə yol verən heç kimin cəzasız qalmayacağını vurğuladı.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib.

Nurlana Əliyeva qeyd edib ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınaraq korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, mühüm kadr islahatları və institusional tədbirlər həyata keçirilib.

Nurlana Əliyeva vurğulayıb ki, Azərbaycanda vəzifəyə təyin olunan hər kəs xalqa, millətə, dövlət və dövlətçiliyə xidmət etməlidir. Cənab Prezident dəfələrlə məmurlara bu barədə xəbərdarlıqlar edib, onlardan qanunlara əməl etmək tələb edilib. Məmurlar Prezident tərəfindən hansısa bir əraziyə rəhbər təyin olunduqlarını dərk etməlidirlər. Hər bir məmur bilməlidir ki, onun fəaliyyəti nəzarətdədir. Prezidentin təyin etdiyi şəxs vətəndaşın malına göz dikərsə, həmin şəxs gec-tez ifşa olunur və olunacaq. İctimaiyyət də anlamalıdır ki, hansısa məmur toxunulmaz deyil. Cinayət törədən istənilən şəxs məsuliyyətə cəlb olunur və olunacaq.

Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman islahatlarla bağlı çox mühüm məsələlərə toxundu və yeni mesajlar verdi. Bir daha xatırlatdı ki, heç kim qanundan üstün deyil, korrupsiya və rüşvətxorluqla məşğul olanlar kimliyindən asılı olmayaraq sərt şəkildə cəzalandırılacaqlar. Son aylar ərzində bir neçə rayonun icra başçısının həbs edilməsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qəti iradə ortaya qoyub. Bu iradə ondan ibarətdir ki, dövlət və hökumət qurumlarında işləyən şəxslər şəffaf olmalı, dövlətə ləyaqətlə xidmət etməli, korrupsiya çirkabına bulaşmamalıdırlar. Azərbaycan cəmiyyətində korrupsiyaya yer olmamalıdır. Vəzifə tutan şəxslər bilməlidirlər ki, dövlətin malını yemək, büdcəni talamaq olmaz. Bu vəsaitlər büdcəyə böyük zəhmət hesabına toplanır. Zəhmətlə toplanan büdcəni talayanların aqibəti belə olmalıdır. Kim düşünür ki, korrupsiya əməlinə qurşanacaq, sonra əməlinə görə cavab verməyəcək, həmin şəxslər yanılırlar.

Nurlana Əliyeva diqqətə çatdırıb ki, korrupsiyaya qarşı mübarizədə uğuru şərtləndirən ən vacib amil siyasi iradədir və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm siyasi iradə var. Belə ki, ölkə başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar, Neftçala, Biləsuvar, Ağstafa, Yevlax rayonlarının icra başçılarının həbs edilməsi bir daha göstərdi ki, ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil. Ölkə başçısı çıxışlarında dəfələrə qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının başçılarının bir vəzifəsi var - vətəndaşlara xidmət etmək, onların problemlərinə qulaq asıb, həll etmək.

"İki sahil"