BSU-nun tələbələri “Əsgərə salam” aksiyası keçiriblər

        

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Bu Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə 
Dövlət Komitəsi bu il yanvar ayının 17-dən “Əsgərə salam” aksiyasına 
da start verib. Qeyd edək ki, fevral ayının 2-nə - Azərbaycan Gəncləri Gününə qədər davam edəcək 
aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları 
ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil 
çəkdirərək, bunu sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom 
həştəqlərini qeyd etməklə paylaşırlar.

    Yanvarın 24-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri bu təşəbbüsə fəal qoşularaq ali təhsil müəssisəsinin qarşısında “Əsgərə salam” aksiyası keçiriblər. BSU-nun mülki və hərbi formada olan tələbə-gəncləri bu aksiyada fəal iştirak etməklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını, qəhrəman əsgər və zabitlərimizi dəstəklədiklərini nümayiş etdiriblər.

     Aksiya yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda keçib.

Mətbuat Xidməti