BSU-da silsilə seminarlar keçirilib

  

                                   

     Bakı Slavyan Universitetində ERASMUS+ (PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində silsilə seminarlar keçirilib. Seminarlar çərçivəsində  Rus dili və onun tədrisi metodikası kafedrasının dosent əvəzi Raziyyə Balayeva tərəfindən “Российские народы тюркского происхождения” (Rusiyanın türk mənşəli xalqları) mövzusunda seminar keçirilib. Seminarda Rusiya ərazisində yaşayan türk xalqlarının tarixi, mədəniyyəti, kökləri, müasir dövrümüzdəki vəziyyətləri haqqında məlumat verilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

     “Dinləmə dərslərinin təşkil edilməsi və bu zaman vacib olan bacarıqların formalaşması” mövzusunda növbəti seminar Xarici dillər kafedrasının müəllimi Simnarə Cəbrayılova tərəfindən aparılıb. Seminar çərçivəsində dinləmə dərslərinin təşkili qaydaları müzakirə olunub. Müəllim S. Cəbrayılova  bildirib ki, bu dərslərin təşkili üçün xüsusi metodlardan istifadə edildiyi zaman dərsin məhsuldarlığı daha da artır. Dinləyicilər “3 addımda dinləmə” metodu ilə tanış olublar.

     Sonda verilən tapşırıqlar praktik şəkildə yerinə yetirilib.

     Daha bir maraqlı disput-mühazirə isə Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Kəmalə Umudova tərəfindən aparılıb. “Dostoyevski yaradıcılğında obrazın quruluşu (“Yoxsul insanlar” romanı)” mövzusunda mühazirəyə universitetin müəllim və tələbələri qatılıb. K.Umudova Dostoyevskinin yaradıcılığına, onun ilk bədii əsəri olan “Yoxsul insanlar”a qarşı həm tənqidçi, həm də oxucu tərəfindən birtərəfli yanaşmağın düzgün olmadığını qeyd edib.

     Dosent K.Umudova Dostoyevskinin ədəbiyyat haqqında düşüncələrinə, onun gənc yaşlarından başlayaraq dərin antropoloji axtarılarda olduğuna diqqət yetirib, yazıçının realist üslubunun özünəməxsusluğunu təmin edən mənəvi dəyərlər sistemini Makar Devuşkin obrazı ətrafında geniş təhlil edib. Dostoyevskinin əsərində ənənəvi süjet anlayışından fərqli olaraq hadisələrin insanlar arasında münasibətlər, kommunikativ əlaqələr üzərində qurulmasından, “Yoxsul insanlar “ romanının bədii mənzərəsində “yazı”, “kitab”, “yazıçı” konseptlərinin rolunu önə çıxaran mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

     Mühazirə müzakirələrlə davam edib.

Mətbuat xidməti