BSU-da “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

  

  

     Dekabrın 13-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin, Müasir Azərbaycan dili və Türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Qeyd edək ki, beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq keçirilib. Beynəlxalq elmi konfransın hazırlıq işlərinin əlaqələndirilməsi və yüksək səviyyədə təşkil olunması üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 35 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin məsul şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin alim-mütəxəsssisləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

  

     Məlumat üçün bildirək ki, konfransın Təşkilat Komitəsinə 16 xarici ölkədən, o cümlədən Rusiya Federasiyasından, Türkiyə Respublikasından, Qazaxıstan Respublikasından, Qırğızıstan Respublikasından, Gürcüstan Respublikasından, Belarus Respublikasından, Çex Respublikasından və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından, Saxa (Yakutiya) Respublikasından, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən elmi məqalələr daxil olub. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.

  

     Konfransın plenar iclasını giriş sözü ilə açan BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qeyd edib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub. Qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Ölkəmizdə Azərbaycan dilinə böyük diqqət və qayğı göstərilir. Dövlət dil siyasətini daim diqqət mərkəzində saxlayır. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ana dilimizin saflığının qorunub saxlanılması üçün  ardıcıl səmərəli fəaliyyət göstərib. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

     Plenar iclasda çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov, Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov, təhsil eksperti, professor Şahlar Əsgərov, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi” İctimai Birliyinin birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Rasim Məmmədov konfransın keçirilməsini müsbət qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.

     Plenar iclasdan sonra konfrans öz işini 6 bölmədə-Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri”, “Kütləvi informasiya vasitələri və ədəbi dil” adlı bölmələrdə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 76 məruzə dinlənilib, müzakirə olunub.

     Konfransın sonunda iclas rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul olunub, iştirakçılara sertifikatlar təqdim edilib.

 

Mətbuat xidməti